Azərbaycana səfər edən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori-Paskye sentyabrın 12-si Bakıda dövlət başçısı İlham Əliyevlə görüşüb. Görüşdə Azərbaycan-Avropa Şurası əməkdaşlığının müxtəlif aspektləri müzakirə edilib, Azərbaycanın Avropa Şurası konvensiyalarına qoşulması və ölkə qanunvericiliyinin bu yöndə yenilənməsi məsələlərinə toxunulub, insan haqlarının qorunması, demokratik inkişafla bağlı məsələlərdən söz açılıb.
AZƏRTAC-ın məlumatına görə, avropalı qonaq xarici işlər naziri Elmar Məmmədyarovla da bir araya gəlib. Lilian Mori-Paskye Avropa Şurasında aparılan islahatlar, o cümlədən təşkilatda ortaya çıxan problemlərin aradan qaldırılması üçün yaradılan yeni mexanizmlər haqqında danışıb.
Söhbət əsnasında Elmar Məmmədyarov qonağı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti ilə bağlı məlumatlandırıb.
Lilian Mori-Paskye Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri, İntizam Komissiyasının üzvləri, ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı ilə də görüşlər keçirib.
Aqiyə Naxçıvanlı deyib ki, ailə, qadın və uşaq məsələləri komitəsində ailə münasibətlərinin tənzimlənməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının aradan qaldırılması ilə bağlı qanun layihələri hazırlanır: “Hazırda bu məsələlərlə bağlı mükəmməl qanunvericilik bazası mövcuddur. Eyni zamanda biz bu sahələrə həsr olunmuş beynəlxalq konvensiyalara da qoşuluruq. Ölkəmizdə ailə dəyərlərinə, qadın və uşaqların hüquqlarının qorunmasına xüsusi önəm verilir”.
AŞPA prezidenti gender bərabərliyinin təmin edilməsinin vacibliyini vurğulayıb: “Bu məsələyə həyatın bütün sahələrində xüsusi diqqət yetirilməlidir. Bütün zorakılıqların səbəbi bərabərliyin olmamasıdır”.
AŞPA prezidenti sentyabrın 12-də vətəndaş cəmiyyəti təmsilçiləri ilə də görüşüb. Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin həmsədri Arzu Abdullayeva “Turan”a deyib ki, görüşdə QHT-lərin sıxışdırılması, vətəndaşların siyasi motivlərlə təqib olunması, siyasi məhbuslar məsələsi, seçkilərdə pozuntular, vəkillərin fəaliyyətinə əngəllər müzakirə edilib.
Görüşə Arzu Abdullayeva ilə yanaşı hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Əvəz Həsənov, Mehriban Zeynalova, jurnalist Mehman Hüseynov, vəkil Əsabəli Mustafayev və digərləri qatılıblar.
Respublikaçı Alternativ Partiyasından Novator.az-a verilən məlumata görə, bu qurumun lideri İlqar Məmmədov da AŞPA prezidenti ilə bir araya gəlib. Görüşdə sərbəst toplaşmaq azadlığı, Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasına necə riayət etməsi, Avropa Şurası dəyərlərinə nə dərəcədə sadiq olması problemlərinə toxunulub, 2020-ci ilin parlament seçkisi ilə bağlı məsələlər müzakirə olunub.
Sentyabrın 11-də ali qonaq Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüş, Azərbaycan-Fransız Universitetində Avropa Şurasının yaranmasının 70 illik yubileyinə həsr olunan dəyirmi masaya qatılmışdı.
1949-cu ildə yaradılan Avropa Şurası 47 ölkəni birləşdirir. Üzv ölkələrin parlament üzvlərindən ibarət AŞPA qurumun əsas institutlarından biridir.
İsveçrəli deputat Lilian Mori-Paskye 2012-ci ildən AŞPA-da təmsil olunur, 2018-ci il iyunun 25-dən AŞPA-ya rəhbərlik edir.