Sentyabrın 12-də Bakıda Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən nümayəndələr iştirak edirlər. Tədbirə BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər də qatılıblar.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Dünya Mətbuat Şuraları Assosiasiyası 1992-ci ildə yaradılıb. ABŞ-ın bir sıra ştatlarının, Türkiyə, Hindistan, Pakistan, Banqladeş, Nepal, Zimbabve, Keniya və digər ölkələrin jurnalistləri belə bir qurum yaradıblar. O vaxtdan indiyədək quruma üzv ölkələrdə tədbirlər keçirilir və jurnalistlərin qarşılaşdığı problemlər, informasiya əldə etmələri ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilir. Ümumilikdə toplantıda dünyada medianın inkişaf meyilləri müzakirə olunur.
Çıxışında Əflatun Amaşov vurğulayıb ki, Azərbaycanda media sahəsində uğurlar əldə olunub, 1998-ci ildə senzura ləğv edilib, qanunvericilik bazası təkmilləşdirilib: “Daha sonra Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Ölkədə daha heç bir qurum mediaya nəzarət etmir, media tam müstəqildir”.
Mətbuat Şurasının sədri qeyd edib ki, ölkədə internet mediası da fəaliyyətini uğurla davam etdirir: “Azərbaycanda 3 milyona yaxın insan sosial şəbəkədən istifadə edir. Ölkəmizdə etnik qruplar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Media da bu istiqamətdə dövlət siyasətini dəstəkləyir”.
Report.az-ın məlumatına görə, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayı 5000-dən çoxdur: “KİV-lərin kəmiyyət göstəricilərinə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri nəşr olunur. 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət göstərir.
Azərbaycanda 11 ümumrespublika, 4 peyk, 13 regional və 17 kabel televiziyası, 25 internet televiziyası, 14 radio fəaliyyət göstərir. 2005-ci ildə ölkədə İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilib və hazırda uğurla fəaliyyət göstərir.
Azərbaycanda bu gün 50-dən artıq jurnalist təşkilatı qeydə alınıb, 30-dək təşkilat söz və məlumat azadlığının, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, cəmiyyətlə media arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə fəal məşğul olur. Mətbuat yayımını həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı 23-ə çatıb.
Bir neçə kəlmə də Azərbaycanda internet və sosial şəbəkələrin fəaliyyəti haqqında məlumat vermək istəyirəm. Hazırda ölkəmizdə internet istifadəçilərinin sayı ümumi əhalinin 80 faizindən çoxdur və bu göstəricilərə görə biz dünya ölkələri sırasında birinci sıralarda bərqərar olmuşuq. “.az” domenində qeydiyyatdan keçmiş internet saytlarının sayı 20 mini ötüb.
Bununla yanaşı, Azərbaycanda azad sözə və fikrə dövlət səviyyəsində yüksək əhəmiyyət verilməsinin nəticəsidir ki, transmilli media qurumlarının ölkə ərazisində verilişlərinin yayılmasında heç bir məhdudiyyət yoxdur, eyni zamanda vətəndaşların “Facebook”, “Twitter”, “Youtube”, “İnstagram” kimi sosial şəbəkələrə sərbəst çıxışı təmin edilib. Sosial şəbəkə istifadəçilərinin sayı ölkədə 3 milyon nəfərdən çoxdur ki, bu da cəmi 10 milyon əhalisi olan bir ölkə üçün çox böyük göstəricidir. Sosial şəbəkələrə dövlət səviyyəsində verilən əhəmiyyətin nəticəsidir ki, Azərbaycan prezidenti İlham Əliyevin özünün və əksər dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profilləri fəaliyyət göstərir. Hakimiyyət sosial şəbəkələrdə qaldırılan məsələlərə mütəmadi olaraq öz münasibətini bildirir, internetə məlumat mənbələrindən biri kimi yanaşır və ondan istifadə edir.
Müşahidələr və təhlillərdən aydın olur ki, son illərdə sosial şəbəkələr ictimai rəyin formalaşmasına təsir imkanlarını artırmağa çalışır. Lakin burada bir məqamı qeyd etməliyik ki, sosial şəbəkələrin rolunu müsbət xarakterizə edən cəhətlərlə yanaşı, mənfi meyllər də özünü göstərir. Sosial şəbəkələrin meydana gəlməsi bir tərəfdən söz və öz fikrini ifadə etmək azadlığının təmin olunmasında yeni perspektivlər açır. Digər tərəfdən sosial şəbəkələrlə insan hüquqları arasındakı qarşılıqlı təsir bəzən xoşagəlməz vəziyyət yaradır. Sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin alçaldılması halları baş verir, bu da insan hüquqlarının pozulması deməkdir. Təəssüf ki, bu cür mənfi hallar bəzən transmilli medianın fəaliyyətində də özünü göstərir. Transmilli media qurumlarının verilişlərinin ölkədə yayılmasının müsbət cəhəti bundan ibarətdir ki, əhali dünyada baş verən proseslərlə bağlı operativ məlumatlar əldə etmək imkanı qazanır. Burada özünü göstərən mənfi xüsusiyyət isə ondadır ki, bəzən müxtəlif siyasi dairələrin və yaxud lobbi qruplarının təsiri ilə transmilli media qurumları ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır, obyektivlik və bitərəflik kimi prinsiplərə zidd olaraq qərəzli, subyektiv informasiyalar yayır”.