Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori-Paskyenin Bakıda Milli Məclisin sədri Oqtay Əsədovla keçirdiyi görüşdən rəsmi məlumat yayılıb.
1949-cu ildə yaradılan Avropa Şurası 47 ölkəni birləşdirir. Üzv ölkələrin parlament üzvlərindən ibarət AŞPA qurumun əsas institutlarından biridir.
İsveçrəli deputat Lilian Mori-Paskye 2012-ci ildən AŞPA-da təmsil olunur, 2018-ci il iyunun 25-dən AŞPA-ya rəhbərlik edir.
Milli Məclisin sədri Oqtay Əsədov Lilian Mori- Paskye ilə sentyabrın 11-də keçirdiyi görüşdə deyib ki, 2001-ci ilin yanvarından Avropa Şurasına tamhüquqlu üzv olan Azərbaycan hüquqi, demokratik dövlət quruculuğu prosesində Avropa Şurası və onun qurumlarının dəstəyini hiss edib: “Ötən dövr ərzində qarşılıqlı əməkdaşlıq istiqamətində xeyli iş görülüb. Təəssüf ki, bəzən müəyyən anlaşılmazlıq və ermənilərin məqsədlərinə xidmət edən lobbiçilik fəaliyyəti göstərən bir sıra deputatların qərəzli hərəkətləri ucbatından qurumda bir sıra məsələlərə ikili standartlarla yanaşmanın şahidi oluruq. Biz inanırıq ki, gələcəkdə belə xoşagəlməz hallar aradan qalxacaq, müzakirə doğura biləcək məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün normal şərait yaranacaq.
Ölkəmizdə bütün istiqamətlər üzrə islahatlar uğurla davam etdirilir. Azərbaycanda Avropa hüquq sisteminin təməl prinsiplərini özündə əks etdirən qanunvericilik bazası formalaşdırılıb. Ölkədə imzalanmış 65 əfv sərəncamına və 11 amnistiya aktına uyğun olaraq 40 min nəfər məhkum azadlığa buraxılıb. Azərbaycan prezidentinin bu ilin martında imzaladığı əfv sərəncamı 431 nəfərə şamil olunub.
Ölkəmizdə etnik və dini tolerantlıq hökm sürür. Məscidlər, kisələr, sinaqoqlar dinc fəaliyyət göstərir. Biz gələcəkdə də AŞPA ilə və başqa beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndərilməsində maraqlıyıq”.
AŞPA prezidenti təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu deyib: “Azərbaycanlı deputatlar təşkilatın struktur qurumlarında və keçirilən tədbirlərdə daim fəal iştirak edir, müzakirə olunan məsələlərə öz münasibətlərini bildirir, maraq doğuran əhəmiyyətli təkliflər verirlər”.
Həmin gün Azərbaycan-Fransız Universitetində Lilian Mori-Paskyenin iştirakı ilə Avropa Şurasının yaranmasının 70 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Lilian Mori-Paskye Azərbaycanın və digər ölkələrin əsas prinsipləri insan hüquqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi olan Avropa Şurasına qoşulmasının qitədə geniş vəhdətə nail olunmasında mühüm rol oynadığını vurğulayıb. AŞPA prezidenti təşkilata üzv ölkələrin siyasi əməkdaşlığı və dialoqu inkişaf etdirməsinin vacib olduğunu deyib.