Sentyabrın 11-də Bakıdakı “Park İnn” mehmanxanasında siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media təmsilçiləri və müstəqil siyasi ekspertlərin iştirakı ilə dəyirmi masa keçirilib. “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusu ətrafında aparılan müzakirələrə Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri, Milli Məclisin üzvü Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin üzvü Fazil Mustafa, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Vəhdət Partiyasının sədri, Milli Məclisin üzvü Tahir Kərimli, Ağ Partiyanın başqanı Tural Abbaslı və başqa partiyaların liderləri də qatılıblar.
Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası dəyirmi masada təmsil olunmayıblar.
Dəyirmi masada bəyanat qəbul olunub. APA-nın məlumatına görə, bəyanatda deyilir: “Biz beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi məqsədilə aşağıdakıları bəyan edirik:
– Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəyimizi bəyan edir;
– siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın ordu qurculuğuna və Silahlı Qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə edir;
– ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır;
– vətəndaş sülhü və milli həmrəylik istiqamətində birgə fəaliyyətin göstərilməsinin zəruriliyini nəzərə alaraq siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə, eyni zamanda davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırır;
– ölkəmizdə keçirilən seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydığımızı bildiririk”.