Vəkillər Kollegiyası Rəyasət Heyətinin 9 sentyabr iclasında Adil İsmayılovun vəkillik fəaliyyəti 1 il müddətinə dayandırılıb. Bunun səbəbi hələ açıqlanmayıb.
Adil İsmayılov 1957-ci ildə anadan olub. İndiki Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. Bir çox tanınmış şəxsin, o cümlədən 2004-cü ildə Macarıstanda tutularaq ömürlük həbsə məhkum edilmiş, 2012-ci ildə Azərbaycana gətirilərək azadlığa buraxılmış zabit Ramil Səfərovun vəkili olub.
30 ilə yaxındır vəkillik fəaliyyəti ilə məşğul olan Adil İsmayılovla bağlı qərar “Facebook” şəbəkəsində etirazlar doğurub.
Novator.az-ın məlumatına görə, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli yazır ki, Adil İsmayılov müstəqillik dövründə vəkillik fəaliyyətinə başlamış və bu peşənin nüfuzunu qaldırmış vəkillərdəndir: “Onun çox prosesində iştirak etmişəm. Hüquqi savadı və məntiqi, peşə hazırlığı vəkillik sahəsində qiymətli təcrübədir. Bu təcrübə ölkəmizin vəkillik institutunun formalaşmasında mühüm rol oynayıb. Adil İsmayılovun daha bir mühüm keyfiyyəti hüquqi maarifçilik fəaliyyətidir. Onun bu istiqamətdə çox maraqlı yazıları var”.
Cəmil Həsənlinin fikrincə, Adil İsmayılovun Vəkillər Kollegiyasından uzaqlaşdırılmasının əsas səbəbi vaxtilə Daxili İşlər Nazirliyində yuva salmış Hacı Məmmədov dəstəsinin cinayət əməlləri və bu əməllərə ortaq olanlar haqda yazdıqlarıdır: “Adil İsmayılov kimi bir peşəkar vəkilin Vəkillər Kollegiyasından uzaqlaşdırılması ölkədə hansı rüsvayçı hüquqi mənzərənin olmasının daha bir təzahürüdür”.
Hacı Məmmədov 1951-ci ildə doğulub. Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsində baş əməliyyat müvəkkili işləyib. Polis polkovnik-leytenantı olan Hacı Məmmədov 2005-ci ilin martında adam oğurluqları və qətllərə görə tutulub. Ümumən bu iş üzrə 26 nəfər mühakimə edilib. Məhkəmə Hacı Məmmədova və daha 9 nəfərə ömürlük həbs cəzası kəsib.
Hacı Məmmədov 2017-ci il dekabrın 3-də dünyasını dəyişib. Rəsmi məlumata əsasən, o, İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlandığı kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.
Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli Adil İsmayılovun vəkillik fəaliyyətinə yasaq qoyulmasına belə münasibət bildirib: “Haqsızlıq dəyərli vəkilimiz Adil İsmayılova edilmir, haqsızlıq 26 ildir bu məmləkətə edilir və bu addımları atanlar ölkənin dünənini məhv edənlər, bu gününü bərbad günə qoyanlar, sabahını zəhərləyənlərdir”.
AXCP sədri Əli Kərimli qeyd edir ki, Vəkillər Kollegiyası repressiya aparatının bir vintinə çevrilib: “İndi də peşəkar və tanınmış vəkil Adil İsmayılovu vəkillik fəaliyyətindən məhrum ediblər. Vəkillər Kollegiyasının azadfikirli vəkillərə qarşı sistemli təzyiq siyasəti Azərbaycanı dünyada rüsvay edən faktorlardan birinə çevrilib. Avropa İttifaqı ilə Azərbaycan arasında mütəmadi müzakirə mövzusu olan məsələlərdən biri də Vəkillər Kollegiyasının repressiv fəaliyyətidir”.
Hüquqşünas Ələsgər Məmmədli qeyd edir ki, Vəkillər Kollegiyasının Adil İsmayılova qarşı qərarı kollegiyanın öz gerçək missiyasının təzahürü, özünə qəsddir: “Dünyada azad hüquqşünasların istisnasız ilk seçdiyi məslək vəkillikdir. Bizdə isə bu şərəfli məsləyin peşə birliyini – Vəkillər Kollegiyasını “yuxarıların” sifarişlərini icra yerinə çeviriblər. Cəmiyyətin gözündə hər gün bir az da dəyərini itirən bu qurumda hədəf müstəqil, azad düşüncəli bir nəfərin də qalmamasıdır.
Bu gedişat həm də yeni doğuşun başlanğıcı olacaq. Artıq müstəqil düşüncəli hüquqşünasların alternativ təşkilatlanmaya getməsindən, cəmiyyəti legitimliyini itirən kollegiyadan qurtarmasından başqa yolu qalmır.
Adil İsmayılov bir aydan çoxdur yaydığı faktlarda cinayətlərə bulaşmış, cinayətləri gizləmiş, vəzifəsini icra etməmiş məsul şəxsləri adı ilə, əməli ilə cəmiyyətə təqdim edib, səssiz haray edir, hər gün zorlanan ədaləti çılpaqlığı ilə göstərir. Bu haraya öz “məsləkdaşları” onu məsləkdən uzaqlaşdırmaqla cavab verirlər. Sadəcə ikrah doğurur bu yanaşma”.