Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksi və ətraf ərazidə əsaslı təmir və tikinti işlərinə başlanıb. Məlumat sentyabrın 10-da yayılıb.
Metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən bu kompleksin stadionu mitinq məkanı kimi də tanınır. Bakı Şəhər İcra Hakimiyyəti kütləvi tədbirlər üçün Yasamal rayonunda bu stadionu ayırıb.
Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyətindən Report.az-a bildiriblər ki, stadion uzun illərdir əsaslı təmir aparılmaması, baxımsız qalması səbəbindən pis vəziyyətə düşüb: “Burada hər hansı idman tədbirinin keçirilməsi mümkünsüz olub, gecə saatlarında stadion tüfeyli həyat tərzi keçirən şəxslərin yığılma yerinə çevrilib, bu da ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.
Sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, həmçinin stadionu müxtəlif idman yarışları üçün yararlı vəziyyətə salmaq, burada idman qurğularını, ot örtüyünü yeniləmək məqsədilə İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlanıb”.
Novator.az bildirir ki, Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda sonuncu mitinqi 2019-cu il yanvarın 19-da Demokratik Qüvvələrin Milli Şurası keçirib. Bu, 2019-cu ildə Bakı Şəhər İcra Hakimiyyətinin sanksiyalaşdırdığı yeganə aksiya olub. Paytaxt hakimiyyəti Milli Şuranın yanvarın 26-da, fevralın 23-də, martın 2-də, aprelin 6-da, aprelin 20-də, mayın 5-də və mayın 11-də eyni stadionda keçirmək istədiyi mitinqlərə icazə verməyib.
Müsavat Partiyasının, Qarabağ Komitəsinin, Azərbaycan Xalq Hərəkatının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda və başqa məkanlarda aksiyalar üçün müraciətlərinə də meriyadan mənfi cavab gəlib.