Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir sentyabrın 5-dən Bakıda səfərdədir.
“Azadlıq” radiosunun 6 sentyabr məlumatına görə, məruzəçi bir qrup hüquq müdafiəçisi və media nümayəndəsi ilə görüşüb. Hüquq müdafiəçiləri İntiqam Əliyev, Oqtay Gülalıyev, Xədicə İsmayıl, Rəsul Cəfərov, bloqçu Mehman Hüseynov və jurnalist Seymur Həzinin iştirak etdiyi görüşdə siyasi məhbuslarla bağlı fikir mübadiləsi aparılıb.
Oqtay Gülalıyevin “Azadlıq” radiosuna bildirdiyinə görə, görüşdə həbs yerlərində verilən işgəncələr və istintaq zamanı dünyasını dəyişənlər haqda da danışılıb.
Torhildur Sunna səfər müddətində bəzi məhbuslarla görüşmək niyyətində olduğunu söyləyib.
Oqtay Gülalıyev məruzəçinin Azərbaycandakı vəziyyətlə bağlı obyektiv sənəd hazırlayacağına və həmin sənədin siyasi motivlərlə həbs olunmuş günahsız şəxslərin azadlığa çıxmasına töhfə verəcəyinə inandığını vurğulayıb.
Məruzəçi sentyabrın 6-da Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovla bir araya gəlib. Qonağa Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Şahin Yusifov Avropa İnsan Hüquqları Məhkəməsi ilə işgüzar əlaqələrə də toxunub. Görüşdə insan haqlarının təmin olunması və bu sahədə məhkəmələr qarşısında duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin verdiyi məlumata görə, məruzəçi səfər çərçivəsində Milli Məclis, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Prezident Administrasiyasında da görüşlər keçirməlidir. Səfərin sentyabrın 7-də başa çatacağı gözlənir.
Novator.az bildirir ki, islandiyalı deputat Torhildur Sunna Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi postuna 2018-ci il iyunun 25-də gətirilib.
Torhildur Sunna 1987-ci il mayın 6-da İslandiyanın Akranes şəhərində anadan olub. Ali hüquq təhsili alıb, jurnalist fəaliyyəti ilə məşğul olub. 2017-ci ildən AŞPA üzvüdür.
AŞPA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı əvvəlki məruzəçisi almaniyalı deputat Kristofer Ştrasser olub. O, 2009-cu ilin martında məruzəçi təyin edilib, lakin vəzifəsini faktiki icra edə bilməyib. Kristofer Ştrasser Bakıya gəlmək üçün bir neçə dəfə Azərbaycan hökumətinə müraciət etsə də, zəruri dəvəti ala bilməyib. Onun Azərbaycandakı siyasi məhbuslarla bağlı hazırladığı hesabat 2013-cü ildə AŞPA-da qəbul edilməyib. Bundan sonra Kristofer Ştrasser siyasi məhbuslar üzrə məruzəçi postunu tərk edib.
Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Xalid Ağalıyev, Rövşən Hacıbəyli və başqalarının təmsil olunduğu Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup 119 nəfəri siyasi məhbus kimi tanıyır.
Siyahının jurnalistlər və bloqçular bölümündə 5 nəfərin adı yer alır: Araz Quliyev, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli, Polad Aslanov.
Siyasi məhbus sayılanların 7-si siyasi və ictimai fəaldır: Asif Yusifli, Fuad Əhmədli, Orxan Baxışlı, Mirfeyzulla Seyidov (ev dustağıdır), Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov.
Siyahının hüquq müdafiəçiləri bölümündə 1 nəfər var: Əliabbas Rüstəmov.
3 ömürlük məhkum – Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov siyasi məhbus kimi tanınıb.
Dustaqların 1-i siyasi girov (xaricdən yayılan “Turan TV”nin əməkdaşı Türkel Azərtürkün bacanağı Emin Saqiyev), 3-ü Səid Dadaşbəyli və onunla birgə tutulanlardır (Səid Dadaşbəyli, Ceyhun Əliyev, Cahangir Kərimov).
İşçi Qrup 47 inanclı fəalı siyasi məhbus sayır.
Siyahıda Gəncə işi ilə bağlı tutulan 52 nəfərin adı keçir. 2018-ci il iyulun 3-də həmin vaxt Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı işləyən Elmar Vəliyev və Gəncə Şəhər Baş Polis İdarəsinin serjantı Qasım Aşbazov odlu silahla vurulub. Hadisəni Rusiya Federasiyasının vətəndaşı olan gəncəli Yunis Səfərovun törətdiyi açıqlanıb. O, dini radikal kimi təqdim olunub. Yunis Səfərov elə həmin gün tutulub.
İyulun 10-da 150-200 nəfər Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə aksiya keçirməyə cəhd göstərib. Rəsmi versiyaya görə, həmin şəxslər dini radikallar olublar. Onlar polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstəriblər, bu zaman iki polis zabiti həlak olub.
Gəncə hadisələrinə görə ümumilikdə 60-a yaxın adam cinayət məsuliyyətinə cəlb edilib.