Hacı Zeynalabdin Tağıyevin heykəli xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanacaq. Xəbəri Report.az Heydər Əliyev Fondunda istinadla yayıb. Münsiflər heyəti qalibi Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından seçib.
Hacı Zeynalabdin Tağıyevin heykəlini “İçərişəhər” metro stansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaltmaq nəzərdə tutulur.
Novator.az bildirir ki, Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində doğulub.
O, 10 yaşından işləməyə başlayıb. Əvvəlcə bənna şagirdi, 15 yaşında bənna, daha sonra podratçı işləyib. Bakıda neft bumu zamanı iki şəriki ilə birlikdə Bibiheybətdə torpaq icarəyə götürüb. Nə qədər quyu qazsalar da, neft çıxmayıb. Şərikləri öz paylarını satıblar, Tağıyev torpağın tək sahibinə çevrilib. O, inadkarlıqla qazma işlərini davam etdirib. Nəhayət, quyu fontan vurub. Tağıyev milyonçuya çevrilib. O, həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi, həm də ticarət və yük gəmilərinin sahibi olub.
Hacı Zeynalabdin daima gəlirinin xeyli hissəsini xeyriyyəçiliyə, doğma şəhərinin inkişafına və abadlaşdırılmasına sərf edib, istedadlı gəncləri xaricdə təhsil almağa göndərib, artistlərə sponsorluq edib. Onun sayəsində müsəlman Şərqində ilk dünyəvi qız məktəbi Bakıda açılıb. Məktəbə qəbul edilən qızların təhsil haqqını, yemək və geyim xərclərini Tağıyev ödəyib.
Daha sonra o, Mərdəkanda bağçılıq məktəbi açıb.
Hacı Zeynalabdin Bakıda teatr binası tikdirib. Azərbaycan klassik musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 25-də bu teatrın səhnəsində oynanılıb. İndi həmin binada Azərbaycan Dövlət Musiqili Komediya Teatrı fəaliyyət göstərir.
Dəmir yolunun, su xəttinin çəkilməsi, yanğından mühafizə xidmətinin yaradılması, kitab nəşri… Bütün bunlar böyük mesenatın gördüyü işlərin heç də tam olmayan siyahısıdır.
Müxtəlif nəşrlərin yazdığına görə, Tağıyevin vəsaiti ilə ali tibb təhsili almış Nəriman Nərimanov hesablayıbmış ki, mesenat xeyriyyə işlərinə qızıl pulla 1 milyon rubl xərcləyib. Bugünkü meyarlarla ölçülsə, həmin məbləğ yüz milyonlarla dollara bərabərdir. Xeyirxah ürəyinə və nəcib işlərinə görə Tağıyevi xalq arasında “el atası” adlandırırdılar. Bakıda müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətləri Hacını fəxri sədr seçmişdilər.
Sovet Rusiyası Azərbaycanı işğal edəndən, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Hacının, demək olar, bütün sərvəti əlindən alınıb.
Hacı Zeynalabdin Tağıyev 1924-cü ildə vəfat edib. Öz vəsiyyətinə uyğun olaraq o, Bakının Mərdəkan qəsəbəsində Axund Hacı Turabın məzarının ayaq tərəfində dəfn edilib.