Müxalif Respublikaçı Alternativ Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli hökuməti əhalinin qazını kəsib xaricə satmaqda ittiham edir. Novator.az-ın məlumatına görə, Natiq Cəfərli “Facebook”da şərh yayaraq son vaxtlar rayonlarda, hətta Bakı və ətrafında sistemli qaz kəsintiləri olduğunu vurğulayıb: “Hökumət qazın 1000 kubmetrini əhaliyə 100 manata. Halbuki əhaliyə satılan qazın həcminə yaxın səmt qazını illərdir BP şirkətindən pulsuz alır. Bəs nə məsələdir ki, yayın oğlan çağında, qaz istehlakının təbii olaraq azaldığı aylarda əhalinin qazını kəsirlər?
Mənim bir ehtimalım var. 2018-ci ilin yanvar-iyul aylarında ölkədən 4 milyard 49 milyon kubmetr, bu ilin eyni dövründə 6 milyard 709 milyon kubmetr qaz ixrac olunub. Qaz ixracı ötən ilin yeddi ayı ilə müqayisədə 60 faizdən çox artıb. Deyə bilərlər ki, hasilatda artım var. Doğrudur, yanvar-iyul aylarında hasilat keçən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çox olub. Amma ixrac 60 faizdən çox yüksəlib axı! Hökumət əlavə haradan qaz tapıb ki, ixracı artırıb?!
Düşündüm ki, bəlkə Rusiyadan alıb, amma qaz alınması ilə bağlı nə keçən il, nə bu il rəsmi məlumat olub. Rusiya mənbələrinə baxdım, Azərbaycana qaz ixrac edilməyib.
Deməli, hökumət götürdüyü öhdəlikləri yerinə yetirmək və daha çox qazanmaq üçün əhalinin qazını kəsib Gürcüstana və Türkiyəyə satır – mənim gəldiyim qənaət budur. Əgər rəsmi qurumlar bunun əksini sübut edə bilirlərsə, buyursunlar”.
Novator.az bildirir ki, Azərbaycanda təbii qazın bir kubmetri əhaliyə 2200 kubmetrədək olan hissə üçün 10 qəpiyə, 2200 kubmetrdən çox hissə üçün 20 qəpiyə satılır.