Sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsi Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov və başqalarının işi üzrə prosesi başa çatdırıb.
Cahangir Hacıyevə əvvəlki cəzası ilə birlikdə 16 il 6 ay, Dünyamin Xəlilova əvvəlki cəzası ilə birlikdə 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.
İsmayıl Hidayətzadə (Cahangir Hacıyevin bacanağı) 5 il 6 aylıq cəza alıb, digər 18 nəfərə şərti cəza verilib.
İttihama görə, 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alğı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində müqavilələr bağlanaraq qanunsuz veksel əməliyyatları aparılıb.
Cahangir Hacıyevin göstərişləri əsasında çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsəndiyi bildirilir.
Mənimsəmənin ümumi məbləği 4,7 milyard manat göstərilib.
Cahangir Hacıyevin Dünyamin Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayındığı vurğulanır.
2015-ci ilin dekabr ayında həbs olunan Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. İttihama əsasən, 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyev digər şəxslərlə qabaqcadan əlbir olaraq mütəşəkkil qrup yaradıb və həmin qrupa rəhbərlik edib, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açıb və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verib. Qeyd olunub ki, Cahangir Hacıyev və cinayətin digər iştirakçıları Müşahidə Şurasının qərarı olmadan Beynəlxalq Bankın filiallarında bir çox fiziki şəxsin adına kredit pullarını rəsmiləşdirərək mənimsəyiblər, Beynəlxalq Banka 211 milyon manatdan çox ziyan vurublar.
Cahangir Hacıyevin həyat yoldaşı, Londonda yaşayan Zamirə Hacıyeva da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Barəsində həbs qətimkan tədbiri seçilən Zamirə Hacıyeva axtarışa verilib.