Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı heykəltəraşlıq müsabiqəsini başa çatdırıb. Münsiflər heyətinin qərarı yaxın günlərdə açıqlanacaq.
Müsabiqəyə ümumilikdə 26 layihə təqdim edilib. Ərizə və eskizlər (maketlər) Bakıdakı Heydər Əliyev Mərkəzində, eləcə də müsabiqənin elektron poçt ünvanında qəbul olunub.
AZƏRTAC xəbər verir ki, müsabiqədə iştirak edənlər arasında xalq rəssamları Xanlar Əhmədov, Natiq Əliyev, Ömər Eldarov, Səlhab Məmmədov, əməkdar rəssam Azad Əliyev, həmçinin Cəlil Qaryağdı da var. Azərbaycandan kənarda yaşayan tanınmış heykəltəraş Rahib Həsənov da müsabiqəyə layihə təqdim edib.
Hacı Zeynalabdin Tağıyevin heykəlinin “İçərişəhər” metro stansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.
Novator.az bildirir ki, Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində doğulub.
O, 10 yaşından işləməyə başlayıb. Əvvəlcə bənna şagirdi, 15 yaşında bənna, daha sonra podratçı işləyib. Bakıda neft bumu zamanı iki şəriki ilə birlikdə Bibiheybətdə torpaq icarəyə götürüb. Nə qədər quyu qazsalar da, neft çıxmayıb. Şərikləri öz paylarını satıblar, Tağıyev torpağın tək sahibinə çevrilib. O, inadkarlıqla qazma işlərini davam etdirib. Nəhayət, quyu fontan vurub. Tağıyev milyonçuya çevrilib. O, həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi, həm də ticarət və yük gəmilərinin sahibi olub.
Hacı Zeynalabdin daima gəlirinin xeyli hissəsini xeyriyyəçiliyə, doğma şəhərinin inkişafına və abadlaşdırılmasına sərf edib, istedadlı gəncləri xaricdə təhsil almağa göndərib, artistlərə sponsorluq edib. Onun sayəsində müsəlman Şərqində ilk dünyəvi qız məktəbi Bakıda açılıb. Məktəbə qəbul edilən qızların təhsil haqqını, yemək və geyim xərclərini Tağıyev ödəyib.
Daha sonra o, Mərdəkanda bağçılıq məktəbi açıb.
Hacı Zeynalabdin Bakıda teatr binası tikdirib. Azərbaycan klassik musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 25-də bu teatrın səhnəsində oynanılıb. İndi həmin binada Azərbaycan Dövlət Musiqili Komediya Teatrı fəaliyyət göstərir.
Dəmir yolunun, su xəttinin çəkilməsi, yanğından mühafizə xidmətinin yaradılması, kitab nəşri… Bütün bunlar böyük mesenatın gördüyü işlərin heç də tam olmayan siyahısıdır.
Müxtəlif nəşrlərin yazdığına görə, Tağıyevin vəsaiti ilə ali tibb təhsili almış Nəriman Nərimanov hesablayıbmış ki, mesenat xeyriyyə işlərinə qızıl pulla 1 milyon rubl xərcləyib. Bugünkü meyarlarla ölçülsə, həmin məbləğ yüz milyonlarla dollara bərabərdir. Xeyirxah ürəyinə və nəcib işlərinə görə Tağıyevi xalq arasında “el atası” adlandırırdılar. Bakıda müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətləri Hacını fəxri sədr seçmişdilər.
Sovet Rusiyası Azərbaycanı işğal edəndən, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Hacının, demək olar, bütün sərvəti əlindən alınıb.
Hacı Zeynalabdin Tağıyev 1924-cü ildə vəfat edib. Öz vəsiyyətinə uyğun olaraq o, Bakının Mərdəkan qəsəbəsində Axund Hacı Turabın məzarının ayaq tərəfində dəfn edilib.