Həbsdə olan jurnalist Elçin İsmayıllının anası ağır xəstədir.
“Azadlıq” qəzetinin bölgə müxbiri, AXCP Ali Məclisinin üzvü Elçin İsmayıllı 2017-ci il fevralın 17-dən həbsdədir. O, İsmayıllı rayonunda tutulub. Sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma) maddələri ilə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib.
2018-ci il fevralın 13-də Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Noyabrın 20-də isə Ali Məhkəmə Elçin İsmayıllını yalnız Cinayət Məcəlləsinin 182-ci maddəsi üzrə təqsirli bilib. 308-ci və 311-ci maddələr üzrə itthamlar işdən çıxarılıb. İki maddənin götürülməsi nəticəsində jurnalistin cəza müddəti 9 ildən 7 ilə endirilib.
Novator.az xəbər verir ki, Elçin İsmayıllının anasının ağır xəstə olduğunu “Facebook” şəbəkəsində AXCP sədri Əli Kərimli yazıb.
Əli Kərimli bildirib ki, jurnalistin anası iki dəfə xaricdə müalicə olunub: “Təəssüf ki, xeyri olmayıb, ananın vəziyyəti ağırdır”.
AXCP sədri Elçin İsmayıllının cinayətkar olmadığını, şərlənib həbs edildiyini, haqq etmədiyi cəzanın artıq 2 ilini çəkdiyini vurğulayıb və hakimiyyəti jurnalisti azadlığa buraxmağa çağırıb.
Eyni zamanda Əli Kərimli bildirib: “Elçin bəyi azad etməyə ürəyiniz gəlmirsə, heç olmasa 5-6 günlük evə buraxın, anasını görsün. Daha bir ailənin qəlbinə sağalmaz dağ çəkməyin!”