Bakı Ağır Cinayətlər Məhkəməsi Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov və başqalarının işi üzrə prosesi başa çatdırmaq üzrədir.
APA-nın məlumatına görə, sentyabrın 2-də Cahangir Hacıyev və Dünyamin Xəlilov son sözlə çıxış ediblər. Onlar bəraət istəyiblər.
Hökmün elanı qeyri-müəyyən günə qədər təxirə salınıb.
Prokuror Cahangir Hacıyevin əvvəlki cəzası ilə birlikdə 17 il, Dünyamin Xəlilovun əvvəlki cəzası ilə birlikdə 15 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
İttihama görə, istintaq 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alğı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edib: “Bundan başqa istintaqla Cahangir Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr üzə çıxıb.
Aparılmış istintaqla Cahangir Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manatı mənimsədiyi bilinib.
İstintaqla həmçinin Cahangir Hacıyevin Dünyamin Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr üzə çıxıb.
Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, Dünyamin Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunub”.
2015-ci ilin dekabr ayında Azərbaycanda həbs olunan Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. İttihama əsasən, 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyev digər şəxslərlə qabaqcadan əlbir olaraq mütəşəkkil qrup yaradıb və həmin qrupa rəhbərlik edib, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açıb və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verib. Qeyd olunub ki, Cahangir Hacıyev və cinayətin digər iştirakçıları Müşahidə Şurasının qərarı olmadan Beynəlxalq Bankın filiallarında bir çox fiziki şəxsin adına kredit pullarını rəsmiləşdirərək mənimsəyiblər, Beynəlxalq Banka 211 milyon manatdan çox ziyan vurublar.
Cahangir Hacıyevin həyat yoldaşı, Londonda yaşayan Zamirə Hacıyeva da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Barəsində həbs qətimkan tədbiri seçilən Zamirə Hacıyeva axtarışa verilib.