Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni açıqlama yayıb. Qeyd olunur ki, prezident İlham Əliyevin 18 iyun sərəncamları ilə sentyabrın 1-dən minimum əməkhaqqı 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların maaşlarına 20-50 faiz artımlar edilib: “Minimum əməkhaqqının artımı Vahid Tarif Cədvəli pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin (dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib. Dövlət sektorunda işləyənlərin maaşlarının 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edir”.
Novator.az bildirir ki, minimum əməkhaqqı 2007-ci il fevralın 1-dən 50 manat; 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat; 2010-cu il sentyabrın 1-dən 85 manat; 2011-ci il dekabrın 1-dən 93,5 manat; 2013-cü il sentyabrın 1-dən 105 manat; 2017-ci il yanvarın 1-dən 116 manat, 2018-ci il yanvarın 1-dən 130 manat, bu il martın 1-dən 180 manat olub.
Prezident İlham Əliyevin 18 iyun sərəncamı ilə sentyabrın 1-dən minimum aylıq əməkhaqqının məbləği 250 manata qaldırılıb. Digər sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşən bu təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 40 faiz çoxalıb:
Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin aparatı;
Heydər Əliyev Mərkəzi;
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
Azərbaycanda Atatürk Mərkəzi;
dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;
Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
Elmin İnkişafı Fondu.
Dövlət orqanlarının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşları da sentyabrın 1-dən orta hesabla 40 faiz artırılıb.
Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin; dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz yüksəlib.
Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı; Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı; Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı; Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı; Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı; Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı; Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı; Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı; Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı; Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı; Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artıb.
Mərkəzi Seçki Komissiyası üzvlərinin aylıq vəzifə maaşları bu məbləğlərdə müəyyən edilib: sədr – 3060 manat, sədrin müavini – 2845 manat, katib – 2110 manat, Mərkəzi Seçki Komissiyasının üzvü – 1920 manat.