Avqustun 29-u Bakı Apellyasiya Məhkəməsində AXCP üzvləri Vilayət Məmmədov və Ceyhun Novruzovun həbsindən verilmiş şikayətlərə baxılıb.
Cəbhəçilər ötən həftə tutulublar. Vilayət Məmmədov 30, Ceyhun Novruzov 10 sutka inzibati həbs cəzası alıb. Vilayət Məmmədov polisin qanuni tələbinə qəsdən tabe olmamaqda, Ceyhun Novruzov isə xırda xuliqanlıqda təqsirli bilinib.
Meydan.tv-nin məlumatına görə, apellyasiya instansiyasında Vilayət Məmmədovun şikayətinə hakim Kamran Əkbərov, Ceyhun Novruzovun şikayətinə hakim Qədim Babayev baxıb.
Hər iki hakim birinci instansiya məhkəmələrinin çıxardığı həbs qərarlarını qüvvədə saxlayıb.
Məhkəmədə çıxışları zamanı cəbhəçilər onlara verilən ittihamların və həbsin qanunsuz və əsassız olduğunu bildiriblər. Onlar Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edəcəklərini deyiblər.