Avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyini bəyan etməsinin 28-ci ili tamam olub.
Novator.az bildirir ki, 1991-ci il avqustun 30-da respublika parlamentində qəbul edilmiş müstəqillik bəyannaməsində bunlar yer alıb: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək,
1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək,
Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında konstitusiya qanunlarına əsaslanaraq,
Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün öz məsuliyyətini dərk edərək,
milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulmuş bütün insan hüquqlarına və əsas azadlıqlarına təminat verərək,
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa çalışaraq,
Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq,
respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək,
Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək,
SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu edərək,
beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğunu bildirərək,
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir”.
1991-ci ildə dövlət müstəqilliyinin bərpası daha iki mərhələdən keçib: oktyabrın 18-də parlament dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da akt ümumxalq səsverməsi ilə təsdiqlənib.
Dövlət müstəqilliyi haqqında konstitusiya aktında Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunub.
28 ildə Azərbaycanda 4 nəfər prezident seçilib: Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev, İlham Əliyev (indiki prezident).
7 nəfər parlament sədri postunu tutub: Elmira Qafarova, Yaqub Məmmədov (prezident səlahiyyətlərini də icra edib), İsa Qəmbər (bir müddət prezident səlahiyyətlərini də icra edib), Heydər Əliyev (bir müddət prezident səlahiyyətlərini də icra edib), Rəsul Quliyev, Murtuz Ələsgərov, Oqtay Əsədov (indiki sədr).
Baş nazir postunda 10 şəxs əyləşib: Həsən Həsənov, Feyruz Mustafayev (baş nazir əvəzi), Rəhim Hüseynov, Əli Məsimli (baş nazir əvəzi), Pənah Hüseyn, Surət Hüseynov, Fuad Quliyev, İlham Əliyev, Artur Rasizadə, Novruz Məmmədov (indiki baş nazir).
2019-cu il iyulun 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 19,6 min nəfər göstərilib.
Azərbaycan ərazisinin bir hissəsi – Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndi işğal altındadır.