Ukrayna parlamenti – Ali Rada avqustun 29-da yeni hökumətin tərkibini təsdiqləyib. Baş nazir postuna Aleksey Qonçaruk gətirilib. 1984-cü il təvəllüdlü Aleksey Qonçaruk Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini vəzifəsini tuturdu.
Hökumət ikisi eyni zamanda baş nazirin müavini olan 15 nazirdən ibarətdir. Novator.az-ın məlumatına görə, Bakı ermənisi Arsen Avakov daxili işlər naziri vəzifəsində saxlanıb. 1964-cü ildə Azərbaycan paytaxtında doğulan Arsen Avakov iki yaşından Ukraynada yaşayır. Xarkov Politexnik İnstitutunu bitirib. Uzun müddət bizneslə məşğul olub. 2005-2010-cu illərdə Xarkov vilayətinin qubernatoru postunu tutub, sonra Ali Radanın deputatı seçilib. 2014-cü il fevralın 22-dən daxili işlər naziridir.
Avqustun 29-da Ali Rada yeni tərkibdə ilk iclasını keçirib, bununla əvvəlki hökumət istefaya gedib.
Ukrayna Konstitusiyasına əsasən, hökuməti parlamentdə azı 226 mandatı olan siyasi qüvvə qurur. İyulun 21-də seçilmiş parlamentdə prezident Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyası 254 mandatla təmsil olunur.
Bu ilin prezident seçkisinə Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılan Vladimir Zelenski aprelin 21-də keçirilmiş ikinci turda 2014-cü ildən dövlət başçısı olan Pyotr Poroşenkonu udub, mayın 20-də səlahiyyətlərinin icrasına başlayıb.