2019-2020-ci illər mövsümündə UEFA-nın klub turnirlərinə 237 komanda (Çempionlar Liqasına 79, Avropa Liqasına 158) buraxılıb. Novator.az bildirir ki, mübarizəni qrup raundlarında 55 UEFA üzvündən 29-nun təmsilçiləri davam etdirəcək: Çempionlar Liqasında 32, Avropa Liqasında 48 klub yer alır.
26 ölkə, o cümlədən Belarus, Litva, Ermənistan, Latviya, Moldova, Gürcüstan, Estoniya təmsilçisizdir.
İspaniya, İngiltərə və Almaniyanın klub turnirlərində 7, İtaliyanın 6, Fransa və Portuqaliyanın 5 komandası var.
Rusiya, Belçika, Türkiyə və Hollandiyanın 4, Ukrayna, Avstriya və İsveçrənin 3 komandası qalır.
Serbiya və Şotlandiya 2, Çexiya, Danimarka, Yunanıstan, Kipr, Xorvatiya, Norveç, İsveç, Qazaxıstan, Azərbaycan, Bolqarıstan, Slovakiya, Rumıniya, Macarıstan və Lüksemburq 1 komanda ilə yarışırlar.
Klub reytinqində İspaniya birincidir.
Rusiya 6-cı, Ukrayna 9-cu, Türkiyə 10-cu, Belarus 24-cü, Qazaxıstan 25-ci, Azərbaycan 26-cı, Litva 34-cü, Ermənistan 35-ci, Latviya 36-cı, Moldova 41-ci, Gürcüstan 44-cü, Estoniya 51-ci yerdədir.
Sonuncu – 55-ci pillədə San Marino dayanır.
Reytinq UEFA üzvlərinin Çempionlar Liqası və Avropa Liqasında son beş mövsümdə qazandığı əmsala əsaslanır. Qrup raunduna qədər qələbə 1, heç-heçə yarım xal; qrupda və sonrakı mərhələlərdə qələbə 2, heç-heçə 1 xaldır. Çempionlar Liqasının qrupuna düşmək 4 bonus xalı, 1/8 finala çıxmaq 5 bonus xalı, hər iki turnirin 1/4 finalına, yarımfinalına və finalına yüksəlmək 1 bonus xalı verir. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.
Azərbaycan bu mövsüm 2,375 əmsal qazanıb. Ölkə UEFA-nın klub turnirlərinə 4 komanda ilə qatılıb. “Səbail” Avropa Liqasının birinci, “Qəbələ” ikinci, “Neftçi” üçüncü mərhələsində ələnib.
Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” komandası üçüncü raundda ələnərək Avropa Liqasına köç edib və bu turnirin dördüncü raundunda qrupa düşmək haqqı qazanıb.