Avqustun 29-da Ukrayna parlamenti – Ali Rada yeni tərkibdə ilk iclasını keçirir. Novator.az-ın məlumatına görə, bununla hökumət istefaya gedib.
Yeni hökumət formalaşana qədər Vladimir Qroysmanın baş nazirlik etdiyi kabinet fəaliyyətini davam etdirəcək.
Ukrayna Konstitusiyasına əsasən, hökuməti parlamentdə azı 226 mandatı olan siyasi qüvvə qurur. İyulun 21-də seçilmiş parlamentdə prezident Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyası 254 mandatla təmsil olunur.
Hakim partiya baş nazir postuna 1984-cü il təvəllüdlü Aleksey Qonçaruku namizəd göstərib. Aleksey Qonçaruk hüquqşünasdır. Hazırda Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini vəzifəsini tutur.
Bu ilin prezident seçkisinə Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılan Vladimir Zelenski aprelin 21-də keçirilmiş ikinci turda 2014-cü ildən dövlət başçısı olan Pyotr Poroşenkonu udub, mayın 20-də səlahiyyətlərinin icrasına başlayıb.
Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası Ali Radaya 25 mandatla düşüb.
Müxalif Platforma Partiyası 43, Batkivşina Partiyası 26, Səs Partiyası 20, Müxalif Blok 6 mandat əldə edib.
Azadlıq, Samopomoş, Vahid Mərkəz və Ağ Kilsə partiyalarının hərəyə 1, partiyasız şəxslərin 46 mandatı var.
Ali Radanın sədri postuna Xalq Xidmətçisi Partiyasının lideri Dmitri Razumkov seçilib. 1983-cü il təvəllüdlü Dmitri Razumkov iqtisadçıdır.