Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi göstəriciləri açıqlanıb. Rəsmi statistikaya görə, 2019-cu ilin yanvar-iyul aylarında muxtar respublikada 1 milyard 545,7 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub, bu da 2018-ci ilin yeddi ayı ilə müqayisədə 1,5 faiz çoxdur. Hər bir nəfərə düşən ÜDM 3382,4 manat göstərilir.
Hesabata əsasən, 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə sənaye istehsalı 1,3 faiz, əsas kapitala vəsait qoyuluşu 1,4 faiz, kənd təsərrüfatı istehsalı 3,4 faiz, informasiya və rabitə xidmətlərinin dəyəri 3,8 faiz artıb.
Bank və kredit təşkilatlarının hüquqi və fiziki şəxslərə yeddi ayda 64 milyon 55,1 min manat məbləğində kreditlər verdiyi bildirilir.
Statistikaya görə, muxtar respublikada 383 növdə məhsul istehsal olunur, əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı yerli imkanlar hesabına ödənir.
2019-cu ilin yanvar-iyul aylarında 253,4 milyon ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsinin qeydə alındığı vurğulanır.
Muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı iyulun 1-nə 449,3 manata çatıb.