Avqustun 28-i Bakı Apellyasiya Məhkəməsində Realliq.info saytının baş redaktoru İkram Rəhimovun şikayəti üzrə proses davam etdirilib.
İkram Rəhimovu 2018-ci il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti həbs edib. Rəsmi məlumatda qeyd olunub ki, İkram Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə Realliq.info və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb edərək alıb, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan müntəzəm haqq toplayıb.
2019-cu il iyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi İkram Rəhimovu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Jurnalist bir qrup şəxslə qabaqcadan əlbir olaraq hədə-qorxu ilə tələb etmədə, bu əməlin təkrar törədilməsində təqsirli bilinib.
Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayət üzrə hazırlıq iclası keçirilib. İclasda baş redaktor iddia edib ki, bütün məhkəmə materialları saxtalaşdırılıb. Bu səbəbdən İkram Rəhimov cinayət təqibinə son qoyulması tələbi ilə avqustun 7-dən saxlandığı Bakı İstintaq Təcridxanasında aclığa başlayıb.
Avqustun 21-də Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda məhkəməyə etibar etmədiyini bildirən İkram Rəhimov hakim heyətinə etiraz edib. Bununla əlaqədar məhkəmə iclası avqustun 28-dək təxirə salınıb.
28 avqust iclası başlamazdan əvvəl baş redaktor “Turan”ın müxbirinə bildirib ki, 22 gündür aclıq edir və vəziyyəti kritikdir. İkram Rəhimov daimi həkim müşahidəsi altında olduğunu və məhkəmə prosesində iştirak edə bilməsi üçün iclasdan əvvəl ona iynə vurulduğunu deyib.
Proses zamanı bəlli olub ki, Bakı Apellyasiya Məhkəməsinin sədri İkram Rəhimovun hakim heyətinə etirazını təmin etməyib.
Jurnalistin vəkili Elçin Sadıqov təkrar məhkəmə istintaqı keçirilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, birinci instansiya məhkəməsində bütün zərərçəkmişlərin ifadələri saxtalaşdırılıb. Vəkil həbs qətimkan tədbirinin dəyişdirilməsini də istəyib. Elçin Sadıqov qeyd edib ki, İkram Rəhimov 22 günlük aclıq nəticəsində çox zəifləyib və həbs şəraitində sağlamlığını bərpa edə bilməz.
İkram Rəhimov özü vəziyyəti haqqında danışmaq istədikdə hakim onun sözünü kəsib və deyib: “Mən hakiməm, həkim deyiləm”.
Məhkəmə müşavirəyə getdikdə İkram Rəhimov zalda bir daha bəyan edib ki, o, siyasi sifarişlə tutulub. Baş redaktor bildirib ki, ədalət bərpa olunana qədər aclığı davam etdirəcək, ya da öləcək.
Müşavirədən sonra məhkəmə yalnız xəstəliyi ilə əlaqədar birinci instansiya məhkəməsinə ifadə verməyən bir zərərçəkmişin dindiriləcəyini elan edib. Digər vəsatətlər təmin edilməyib, növbəti iclas sentyabrın 18-nə təyin olunub.