Vəkil Nemət Kərimli avqustun 27-si Bakıdakı 16 saylı Cəzaçəkmə Müəssisəsində məhbus jurnalist Əfqan Muxtarlı ilə görüşüb. “Basta” saytına danışan vəkil Əfqanın həbsxanada ona olan münasibətdən şikayətləndiyini vurğulayıb: “Əfqan Muxtarlı bildirdi ki, həbsxana rəhbərliyi ona göndərilən pulu və kitabları verməyib. Dediyinə görə, həbsxana rəhbərliyi hakimiyyətin sifarişi ilə onu ayrı-seçkiliyə məruz qoyur, bir neçə ailə üzvü istisna olmaqla yaxınları və dostları ilə görüşməsinə, yaxınlarına, həmçinin mənə zəng etməsinə imkan verilmir”.
Əfqan Muxtarlı həbsxanada onunla ünsiyyətdə olan məhbusların təzyiqlə üzləşdiyini də qeyd edib.
Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını 6 il müddətinə azadlıqdan məhrum edib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib.
2018-ci il mayın 11-dən Əfqan Muxtarlı 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva azyaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb.