“Avroviziya 2020” beynəlxalq mahnı müsabiqəsində iştiraka razılıq verən ölkələrin sayı 29-a çatıb.
Yarışma gələn ilin may ayı Niderlandda keçiriləcək. Novator.az-ın məlumatına görə, avqustun 28-dək mahnı müsabiqəsində iştirakını ev sahibi Niderlandla yanaşı bu ölkələr təsdiqləyib: Albaniya, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Böyük Britaniya, Çexiya, Estoniya, Danimarka, Finlandiya, Fransa, Gürcüstan, İrlandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, Kipr, Latviya, Litva, Norveç, Portuqaliya, Rusiya, San Marino, Serbiya, Sloveniya, Ukrayna.
1956-cı ildən keçirilən “Avroviziya” yarışı ictimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin layihəsidir.
Yarışda hamıdan çox İrlandiya uğur qazanıb. Bu ölkə 7 “Avroviziya”da birinci olub.
İsveç 6 müsabiqədən qalib çıxıb.
Niderland, Fransa, Lüksemburq, Böyük Britaniya 5 dəfə “Avroviziya” zəfəri yaşayıblar.
İsrail 4 yarışmada qalib gəlib.
Danimarka və Norveçin 3 qələbəsi var.
Avstriya, Almaniya, İtaliya, İspaniya, İsveçrə, Ukrayna “Avroviziya”nın ilk pilləsində 2 dəfə yer alıblar.
Azərbaycanın 1 qələbəsi var. Belçika, Estoniya, Finlandiya, Yunanıstan, Latviya, Monako, Rusiya, Serbiya, Türkiyə, Portuqaliya da 1 dəfə “Avroviziya” qalibi olublar.
Tarixə qovuşmuş Yuqoslaviya da 1 uğur əldə edib.