Azərbaycanda icra hakimiyyəti prezidentə mənsubdur. Novator.az bildirir ki, konstitusiyanın 100-cü maddəsinə görə, ölkə ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququ olan, ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan vətəndaşı prezident seçilə bilər.
101-ci maddəyə əsasən, prezident ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.
Prezidentin növbədənkənar prezident seçkisi elan etmək hüququ var.
Ana qanunun 104-cü maddəsində qeyd olunur ki, prezident istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tam itirdikdə, vəzifəsindən kənarlaşdırıldıqda vaxtından əvvəl vəzifədən getmiş sayılır.
Prezident istefa verdikdə onun istefa ərizəsi Konstitusiya Məhkəməsinə təqdim olunur. Konstitusiya Məhkəməsi istefa ərizəsini prezidentin özünün verdiyinə əmin olduğu təqdirdə prezidentin istefasının qəbul olunması haqqında qərar qəbul edir. Həmin andan prezident vəzifədən getmiş sayılır.
Prezidentin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumat verildikdə Milli Məclis bu faktın aydınlaşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət edir. Konstitusiya Məhkəməsi bu barədə qərarı hakimlərin 6 səs çoxluğu ilə çıxarır.
105-ci maddəyə görə, prezident vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar prezident seçkisi keçirilir. Yeni prezident seçilənədək prezident səlahiyyətlərini birinci vitse-prezident icra edir.
Birinci vitse-prezident istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tam itirdikdə prezidentin müəyyən etdiyi ardıcıllıqla vitse-prezident birinci vitse-prezident statusu alır və prezidentin səlahiyyətlərini icra edir.
Prezidentin səlahiyyətlərini birinci vitse-prezidentin icra etməsi mümkün olmadıqda səlahiyyətlər baş nazirə ötürülür. Bu mümkün olmadıqda prezidentin səlahiyyətləri Milli Məclisin sədrinə keçir. Bu da mümkün olmadıqda Milli Məclis prezidentin səlahiyyətlərini başqa vəzifəli şəxsin icrası haqqında qərar çıxarır.
107-ci maddəyə əsasən, prezidentin vəzifədən kənarlaşdırılması təşəbbüsü prezident ağır cinayət törətdikdə Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Ali Məhkəmənin 30 gün müddətində verilən rəyi əsasında Milli Məclis qarşısında irəli sürülə bilər.
Milli Məclisin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında prezident vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı Konstitusiya Məhkəməsinin sədri imzalayır.
Seçki Məcəlləsinə əsasən, növbəti seçki yeddi il əvvəlki seçkinin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə təyin olunmalıdır.
Növbədənkənar prezident seçkisi elan olunduğu gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçki çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.
Azərbaycan 1990-cı ildə prezident idarə üsuluna keçib. İlk prezident – Ayaz Mütəllibov həmin il mayın 18-də parlamentdə dövlət başçısı mandatı alıb. 1991-ci ildə Ayaz Mütəllibov, 1992-ci ildə Əbülfəz Elçibəy, 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008 və 2013-cü illərdə İlham Əliyev ümumxalq səsverməsi ilə prezident seçilib.
2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb, 2018-ci il fevralın 5-də aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin olunub. 11 aprel seçkisində İlham Əliyev qalib gəlib.