Kənddə tullantı problemi necə həll olunsun?
- 26 Avqust 2019
- comments
- Səidə Hüseynova
- Posted in ManşetŞərh
Azərbaycanın hansı kəndinə ayaq bassanız, məişət tullantılarının toplanması və nəqli ilə bağlı problemlə üzləşəcəksiniz. Bakı və Sumqayıt kimi şəhərlərlə, eləcə də rayon mərkəzləri ilə müqayisədə kəndlərdə məişət tullantılarının xüsusi qutular vasitəsilə toplanıb ərazidən daşınması nadir hadisə sayıla bilər. Əsas səbəb odur ki, şəhərlərdən fərqli olaraq kəndlərdə bu problemin məsuliyyətini üzərinə götürən səlahiyyətli orqan dəqiqləşməyib. Hətta mütəxəssislər bu məsələnin hüquqi baxımdan həllini tapmadığını vurğulayır. Şəhərlərdə tullantıların toplanmasına və nəqlinə bilavasitə mənzil-kommunal xidmət təşkilatları səlahiyyətlidir. Bu qurumların əsasnaməsini görmək özlərindən başqa kiməsə qismət olmasa da, onlar iddia edir ki, kəndlərdə eyni vəzifəni icra etmək onların deyil, bələdiyyələrin səlahiyyətindədir. Bələdiyyələr isə vurğulayır ki, bu səlahiyyətin icrası hazırkı şəraitdə onların maddi imkanları çərçivəsində deyil. Çünki bu səlahiyyətin icrası müvafiq infrastrukturun (tullantı poliqonlarının), avadanlıqların (çeşidli tullantılar üçün qutuların), nəqliyyat vasitələrinin və müvafiq sayda işçi heyətinin olmasını tələb edir. İllik büdcəsi 5-10 min manatı ötməyən kənd bələdiyyələri bu vəzifənin öhdəsindən gələ bilməz.
Yeri gəlmişkən, ölkə prezidentinin 1 noyabr 2018-ci il sərəncamı ilə “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” təsdiqlənib. Sənəddən görünür ki, problemin mövcudluğu rəsmi qurumlarda narahatlıq yaradır. Strategiyanın əsas məqsədlərindən biri budur ki, bərk məişət tullantılarının yığılması xidmətləri ölkənin bütün yaşayış və qeyri-yaşayış məntəqələrinə doğru genişləndirilməlidir. Hazırda sözügedən xidmətlər əsasən şəhər yaşayış məskənlərində mövcuddursa, yeni sənəd analoji xidmətlərin kəndlərdə də təşkilini hədəfləyir. Bunun üçün çeşidlənib yeni məhsul əldə edilməsi xərc baxımından sərfəli olmayan və yeni ehtiyatların bərpasına sərf edilə bilməyən bütün tullantıların təhlükəsiz və səmərəli zərərsizləşdirilməsinin təmin edilməsi, çeşidlənə və emala yararlı olan tullantıların toplanaraq təkrar emala göndərilməsi, ekologiyanı korlayan açıq zibilxanaların tədricən ləğvi nəzərdə tutulur.
Sənədə əsasən, 2018-2022-ci illərdə ölkənin regionlarında sanitariya poliqonlarının və ötürücü məntəqələrin layihələndirilməsi və tikintisi təmin edilməlidir. Bununla yanaşı bölgələrdəki tullantı sahələrində (poliqonlarda) təkmilləşdirmə işlərinin aparılmasının önəmi vurğulanır.
Strategiyanın uğurla reallaşması baxımından bu sahədə dünya təcrübəsinin öyrənilməsi də çox önəmlidir. Uzağa getmədən, son illər bu sahədə təcrübə toplamağa başlamış yaxın qonşulara da baxmaq kifayətdir. Məsələn, Gürcüstan müxtəlif beynəlxalq təşkilatların dəstəyi ilə bu sahədə xeyli işlər görür.
Doğrudur, Gürcüstanda hələlik prosesin başlanğıcıdır və yerli səviyyədə tullantıların idarə edilməsi ilə bağlı xeyli problem var. Ölkədəki 4 poliqon tələbatı ödəmir. Kəndlərdə tullantı meydançası kimi rəsmi qeydiyyatda olan 60 ərazi mövcuddur. Lakin rəsmi qeydə alınmayan, əhalinin qanunsuz tullantı topladığı məkanların sayı bundan xeyli çoxdur. Ölkədə 2000-ə yaxın kənd olsa da, cəmi 480 kənddə tullantıların təmizlənməsi ilə bağlı xidmətlər mövcuddur. Yerdə qalan kəndlərdə “özünəxidmət sistemi” fəaliyyət göstərir və ev təsərrüfatları məişət tullantılarını kənd ərazilərində toplayırlar.
Yerli ekspertlərin məlumatına görə, Gürcüstanda tullantıların ən azı 75%-i (900 min ton) açıq poliqonlara daşınır. Halbuki inkişaf etmiş ölkələrdə tullantıların bilavasitə yaşayış məntəqələrində çeşidlənməsi və oradan birbaşa emala getməsi sayəsində açıq poliqonlara gedən tullantıların həcmi on dəfələrlə aşağı düşür.
Ekoloq mütəxəssislərin narahat olduğu əsas problemlərdən biri də budur ki, Gürcüstanda havanın çirklənməsinin əsas səbəblərindən biri məhz açıq şəraitdə formalaşan, daşınmayan poliqonlardır. Təqdim olunan məlumata görə, havanın çirklənməsində 80% bərk tullantılar, 20% maye tullantılar rol oynayır.
Problemlərə baxmayaraq Avropa Birliyi (AB) ilə bağladığı assosiasiya sazişinin Gürcüstana qazandırdığı üstünlüklərdən biri də tullantıların idarə edilməsi sisteminin müasir standartlara uyğunlaşdırılması istiqamətində öhdəliklər götürməsidir. Tələblərə görə, Gürcüstan tullantıların poliqonlara toplanması, daşınması və emalı ilə bağlı standartları AB-nin direktivlərinə əsasən tam yeniləməlidir. Sazişin ardınca Tullantıların İdarə Olunması Məcəlləsi hazırlanıb və 2015-ci ilin yanvarından qüvvəyə minib. Sənəd tullantıların toplanması, daşınması və emalı ilə bağlı ən yaxşı beynəlxalq təcrübələr nəzərə alınmaqla işlənib. Məcəllə bələdiyyələrin tullantıların toplanması və emalı ilə bağlı xidmətlərinin əhatə dairəsinin genişlənməsini, beynəlxalq standartlara uyğun tullantı toplama məntəqələrinin təşkilini nəzərdə tutur. Hər bir bələdiyyə özünün tullantıların idarə olunması planını işləyib hazırlamağa məsuliyyət daşıyır. Plan 5 illik dövrü əhatə etməli və milli səviyyədə qəbul edilmiş tullantıların idarə edilməsi strategiyasına uyğun olmalıdır. Hər bir bələdiyyə bu planı qonşu bələdiyyələrlə ortaq hazırlaya və müvafiq xidmətləri birgə təşkil edə bilər. Lakin sənədin hazırlanmasında bütün maraqlı tərəflərin və icmaların iştirakı şərtdir. Yeni strategiya və məcəllənin qəbulundan sonra ölkənin bir neçə regionunda (Kvemo-Kartli, İmereti, Kaxeti və s.) standartlara uyğun poliqonların qurulmasına başlanıb.
Gürcüstanda kənd ərazilərində tullantıların idarə edilməsi ilə bağlı tədbirlər yalnız milli strategiyada nəzərdə tutulmur. Eyni zamanda “2017-2020-ci illərdə Gürcüstanda kənd inkişafına dair strategiya”da əsas hədəflərdən biri məhz bu məsələdir. Strategiyanın “Ətraf mühitin mühafizəsinin və təbii resursların dayanıqlı menecmentinin təşkili” adlı əsas prioritetlərindən biri kənd ərazilərində tullantıların idarə edilməsinin dayanıqlı sisteminin təşviqidir. Sənəddə qeyd edilir ki, kənd bələdiyyələrinin məişət tullantıları ilə bağlı xidmətlərin təşkil etməsi üçün tariflər müəyyən etmək hüququ var. Lakin təcrübədə tətbiq olunan tariflər çox aşağıdır və əhalidən toplanan vəsait tullantıların idarə edilməsi üçün bütün zəncirin təşkili üçün yetərli maliyyə bazası yaratmır.
Gürcüstanda maraqlı təcrübələrdən biri də dövlətə məxsus Bərk Tullantıların İdarə Edilməsi Şirkətinin ölkə boyu geniş infrastruktura malik olmasıdır. Şirkətin paytaxt Tbilisi və Acarıstan Muxtar Respublikasından savayı müxtəlif regionlarda yerləşən 54 tullantı toplama məntəqəsi fəaliyyət göstərir. Bələdiyyələr də öz ərazilərdən topladığı məişət tullantılarını həmin məntəqələrə nəql edə bilir. Son zamanlar isə beynəlxalq maliyyə kanallarından daxil olan vəsaitlər hesabına İmereti, Raça-Leçkumi, Kvemo-Svaneti kimi regionlarda beynəlxalq standartlara uyğun poliqonların qurulması davam edir. Həmin layihələr Avropa Birliyinin və Almaniyanın KFW Bankının 24 milyon avro məbləğində dəstəyi ilə
gerçəkləşdirilir.
Gürcüstanda uğurlu sayılacaq yanaşmalardan biri yaxın və orta müddətli dövr üçün kəndlərin tullantıların idarə edilməsi xidmətləri ilə əhatə səviyyəsinə dair hədəf göstəricilərin müəyyən edilməsidir. “2016-2030-cu illərdə Gürcüstanda tullantıların idarə olunmasına dair milli strategiya” sənədində qeyd edilir ki, bütün kəndlərin 2020-ci ilədək 90%-i, 2025-ci ilədək isə 100%-i həmin xidmətlərə çıxış qazanacaq.
Gürcüstanın daha bir maraqlı nümunəsi regionlarda tullantıların idarə olunması xidmətlərinin təşkili üçün bələdiyyələrarası əməkdaşlıq modelinin hazırlanmasıdır. Avropa Şurasının dəstəyi ilə 2016-cı ilin sonlarından başlayaraq Acarıstan regionunun Şuaxevi, Keda və Xulo bələdiyyələri bələdiyyələrarası kooperasiya əsasında müvafiq infrastrukturun hazırlanmasına start veriblər. Ötən dövrdə layihənin texniki-iqtisadi əsaslandırılması tam başa çatdırılıb, Bələdiyyə Xidmətlərinin İnkişafı Mərkəzi yaradılıb. Xidmətlərin təşkilinin mərkəzi kimi Keda bələdiyyəsi çıxış edir və o, bələdiyyələrarası əməkdaşlıq müqaviləsinə qoşulmuş digər iki bələdiyyə üçün xidmətlərin həyata keçirilməsinə məsuliyyət daşıyır. Bələdiyyə xidmət strukturunun ümumilikdə 200-dən çox kəndə xidmət göstərməsi nəzərdə tutulur. Həmin kəndlərin ümumi əhalisi 55 min nəfərə yaxındır. Kənd əhalisinin hər nəfəri üçün gündəlik orta hesabla 0,3 kiloqram tullantı formalaşacağı gözlənir. İllik tullantı həcmi 6,6 min ton səviyyəsində qiymətləndirilir. Ərazilərdən bələdiyyənin xidmət personalı və texniki vasitələrinin daşıdığı tullantılar Batumidə qurulmuş poliqonda toplanır. Xidmət mərkəzinin yaranmasına, bələdiyyələrarası əməkdaşlıq modelinin işə salınmasına baxmayaraq hələ də bütün kəndlərdə tullantıların toplanması və müntəzəm daşınması xidmətlərinin təşkili başa çatmayıb. Məsələn, hazırda Xulo bələdiyyəsi üzrə kəndlərin 70%-nin, Keda bələdiyyəsi üzrə kəndlərin 60%-nin, Şuaxevi bələdiyyəsi üzrə isə kəndlərin cəmi 3%-nin xidmətə çıxışı təmin edilib.
Gürcüstanda qanunvericilik və strateji sənədlərlə yanaşı kənd yerlərində tullantıların idarə edilməsi ilə bağlı institutların da məsuliyyətinin dəqiq müəyyən edilməsi prosesdə tərəqqiyə imkan verir. Ətraf Mühit və Təbii Ehtiyatlar Nazirliyi bilavasitə tullantıların idarə edilməsi sektorunda siyasət və strategiyaların hazırlanmasına məsuliyyət daşıyır. Regional İnkişaf və İnfrastruktur Nazirliyi poliqonların yaradılmasından tutmuş tullantıların nəqlinədək bütün zəruri infrastrukturun qurulmasına nəzarət edir. Səhmlərinin 100%-i dövlətə məxsus Tullantıların İdarə edilməsi Şirkəti isə Tbilisi və Acarıstan istisna olmaqla bütün ölkə boyu poliqonların fəaliyyətini təmin edir. Bələdiyyələr öz əraziləri daxilində tullantıların toplanmasına və poliqonlara daşınmasına öhdəlik daşıyırlar. Bütün bələdiyyələrdə bu problemin həllinə məsul olan strukturlar fəaliyyət göstərir. Bələdiyyələr bu xidməti bilavasitə ya özləri həyata keçirə, ya da hansısa şirkətlərlə müqavilə bağlayıb onlara həvalə edə bilərlər. Məsələn, Keda bələdiyyəsi tullantıların toplanmasının təşkilini özü təmin edir, lakin ərazilərdən tullantıların poliqona daşınması üçün Batumi bələdiyyəsinin mülkiyyətində şirkətlə müqavilə bağlayıb. Ən müxtəlif kəndlərlə fərqli dislokasiyalarda yerləşən poliqonlar arasında fərqlər bəzən 80 kilometrə qədər uzanır.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin ekspert qrupu
Yazı Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi təşkilatının icra etdiyi “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” üzrə “Kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində problemlərin həlli ilə bağlı ictimai müzakirələrin və ictimai vəkilliyin təşkili” layihəsi çərçivəsində hazırlanıb.