Həbsdə olan jurnalist Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva avqustun 24-də “Facebook” şəbəkəsində yazıb ki, Əfqan saxlandığı cəzaçəkmə müəssisəsində məhdudiyyətlərlə üzləşir.
Leyla Mustafayevanın yazdığına görə, bunu ona Əfqan özü deyib. Həyat yoldaşı ilə telefon söhbətində Əfqan bildirib ki, ona qarşı təxribat hazırlandığından şübhələnir. Əfqan deyib ki, ona vəkili Nemət Kərimliyə zəng etməyə imkan verilməyib, bundan başqa dostunun poçt vasitəsilə göndərdiyi 100 manat pul və müsavatçı Elman Fəttahın “Yeni Avtoritarizm və Azərbaycan” adlı kitabı hələ ona çatdırılmayıb.
Avqustun 25-də vəkil Nemət Kərimli müvəkkili ilə görüşmək üçün 16 saylı Cəzaçəkmə Müəssisəsinə yollanıb.
Amma vəkilə və onunla birlikdə cəzaçəkmə müəssisəsinə getmiş Müsavat Partiyasının başqanı Arif Hacılıya Əfqan Muxtarlı ilə görüş verilməyib. Vəkilə bildiriblər ki, qeyri-iş günü olduğuna görə görüş mümkün deyil. Nemət Kərimli görüşə icazə verilməməsini qanunsuzluq kimi qiymətləndirir. Onun sözlərinə görə, vəkil həbs yerlərində istənilən vaxt müvəkkili ilə məxfi şəraitdə görüşmək hüququna malikdir.
Arif Hacılı da Əfqan Muxtarlı ilə görüşə icazə verilməməsini əsassız sayır.
Penitensiar Xidmət hələlik irəli sürülən iddialara münasibət bildirməyib.
Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını 6 il müddətinə azadlıqdan məhrum edib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib.
2018-ci il mayın 11-dən Əfqan Muxtarlı 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
Gürcüstanda da Əfqan Muxtarlı ilə bağlı cinayət işinə başlanıb. İş qanunsuz azadlıqdan məhrumetmə motivi ilə araşdırılır.
2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva azyaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb.