Bakı İstintaq Təcridxanasında saxlanan müsavatçı Azad Həsənov aclıq aksiyasını davam etdirir.
Müsavat Partiyasının üzvü Azad Həsənov 2014-cü ilin fevralında Azərbaycandan mühacirət edib və ailəsi ilə birgə Litvadan siyasi sığınacaq alıb. 2018-ci ilin payızında o, ağır xəstələnən atasına baş çəkmək üçün Azərbaycana gələrkən oktyabrın 11-i Bakıda tutulub. Xətai Rayon Məhkəməsi oktyabrın 12-də onun barəsində həbs qətimkan tədbiri seçib.
Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxsin və ya mütəşəkkil dəstənin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlaması, istehsal etməsi, saxlaması, daşıması, göndərməsi və ya satması) maddəsi ilə ittiham olunur.
Fevralın 11-dən Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Həsənovun işi üzrə proses keçirilir. Məhkəmə vəkil Osman Kazımovun vəsatəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinə sorğu göndərib. Sorğuda 2018-ci il oktyabrın 11-də, Azad Həsənovun həbs edildiyi gün Bakı Şəhər Baş Polis İdarəsinə gəlib-gedənlərin qeydiyyatı aparılan jurnalın surətinin məhkəməyə təqdim olunması xahiş edilib. Lakin paytaxt polisi məhkəmənin sorğusuna cavab vermir, bu səbəbdən proses dəfələrlə təxirə salınıb.
İyulun 22-də keçirilən prosesdə sorğuya yenə də cavab verilmədiyi məlum olub, mühakimə iyulun 29-na qalıb. Azad Həsənov məhkəmənin süni surətdə uzadıldığını vurğulayaraq aclıq aksiyasına başladığını bəyan edib.
İyulun 25-də özünün “Facebook” səhifəsində açıqlama yayan Müsavat başqanı Arif Hacılı bildirib ki, Azad Həsənov aclıq aksiyasını davam etdirir.
Arif Hacılı iyulun 25-də Azad Həsənovu ziyarət etmiş vəkil Osman Kazımova istinadla qeyd edib ki, məhbus fiziki baxımdan bir qədər zəifləsə də, əhvalı yaxşıdır, aclıq aksiyasını sonadək davam etdirmək əzmindədir: “Azad Həsənov qondarma ittihamlarla həbs olunmasına və məhkəmə prosesinin süni surətdə uzadılmasına etiraz edir. Azad Həsənova azadlıq!”.
Xəbəri Bastainfo.com yayıb.
Müsavat fəalına cinayət işi açılıb
Müsavatçını ev dustaqlığına buraxmadılar
Həbsdə olan müsavatçının xanımı təkbaşına aksiya keçirir
Həbsdə olan müsavatçı aclığa başladığını elan edib
Müsavat fəalı: istintaq yekunlaşdı, aclıq dayandı
Müsavatçının məhkəməsi: vəsatət təmin olunmadı
Həbsdə olan müsavatçı: “Bunu heç kimə bağışlamayacam”
Müsavatçının işini aparan müstəntiq məhkəməyə gəlməyib
İsa Qəmbər hakimə irad bildirdi