Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-ü saat 22:00 radələrində təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb. Hərbi təyyarənin Xəzər dənizinə düşdüyü bildirilir. Pilotun axtarışı davam edir.
İyulun 25-də Hərbi Prokurorluq Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlayıb, istintaq qrupu yaradıb. Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi rəisinin rəhbərlik etdiyi qrup hadisənin baş verməsinin səbəb və şəraitinin, işin bütün hallarının araşdırılması istiqamətində istintaq hərəkətləri aparır. Hadisə yerinin müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsinin müəyyənləşdirilərək dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilir.
Novator.az bildirir ki, Cinayət Məcəlləsinin 342-ci maddəsi qulluğa səhlənkar yanaşmaya görə məsuliyyəti nəzərdə tutur. Həmin maddəyə əsasən, rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna səhlənkar yanaşması ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Report.az-ın məlumatına görə, qəzaya uğrayan hərbi təyyarənin pilotu Rəşad Atakişiyev politoloq Qabil Hüseynlinin kürəkənidir.
Rəşad Atakişiyevin iki oğul atası olduğu bildirilir.