İqtisadçı ekspert Samir Əliyev Bakuresearchinstitute.org saytında dərc olunmuş məqaləsində yazır ki, kreditlərin illik faiz dərəcələrinə çox amil təsir edir və onların bir qrupu makroiqtisadi amillərdir: “Təsadüfi deyil ki, rəsmi şəxslərin açıqlamalarında makroiqtisadi sabitlik əsas gətirilərək kredit faizlərinin aşağı salınması üçün zəmin olduğu daim vurğulanır. Məsələn, milli valyutanın mübadilə məzənnəsi uzun müddətdir sabitdir və belə görünür hökumət bu sabitliyi yaxın dövrdə də qorumağa çalışacaq. Rəsmi inflyasiya səviyyəsi aşağı – 2% həddədir. 2015-2017-ci illəri nəzərə almasaq, inflyasiya səviyyəsi son 10 ildə yüksək olmayıb. Hətta Mərkəzi Bankın yumşaq pul-kredit siyasətinə (uçot dərəcələrinin aşağı salınması, ehtiyat normalarının minimum səviyyədə olması və s.) rəğmən kreditlərin ucuzlaşması baş vermir.
Burada real inflyasiya səviyyəsinə diqqət yetirmək vacibdir. İnflyasiya səviyyəsi cəmiyyətdə, o cümlədən ekspertlərdə həmişə şübhə yaradıb və reallıqda daha yüksək olması iddia edilib. 2%-lik inflyasiya səviyyəsində Mərkəzi Bankın uçot dərəcəsini 8,5% həddində saxlaması bu fikri daha da gücləndirir. Çünki bir qayda olaraq inflyasiya səviyyəsi ilə uçot dərəcəsi arasında fərq cüzi olur. İndiki inflyasiya səviyyəsi fonunda uçot dərəcəsi 3-4% civarında olmalı idi.
Bankların maliyyə göstəricilərinə nəzər yetirməklə kreditləri bahalaşdıran əsas amilləri müəyyənləşdirmək olar. Əsas səbəb kredit vermək üçün cəlb edilən resursların bahalığıdır. Biznesdə istənilən məhsulun satış qiyməti onun maya dəyərinə əsasən formalaşır. Yəni maya dəyərinin ucuzlaşması sahibkara məhsulun satış qiymətini də endirməyə imkan verir. Maya dəyəri baha olduqda isə müştəriyə təklif edilən məhsul da bahalaşır. Eyni vəziyyəti kredit məhsullarına şamil etmək olar.
Bankların cəlb etdikləri resursların baha olması depozitlərin bahalığından qaynaqlanır. Çünki bankların depozitlərdən asılılığı yüksəkdir və bu asılılıq getdikcə artır. Rəsmi məlumatlara görə, 2019-cu il mayın 1-nə bankların cəlb etdikləri hər 100 manatın təxminən 78,3 manatı depozitlərin payına düşür. Halbuki 2016-cı ildə bu göstərici hər 100 manat üçün 70,8 manat olub. Son 3 ildə depozitlərin bank resurslarında payı 7,5% artıb.
Bu vəziyyət bankların bir mənbədən – depozitlərdən yüksək asılılığını, alternativ mənbələrin payının isə getdikcə azaldığını göstərir. 2013-2014-cü illərdə bankların xarici öhdəliklərinin ümumi kredit qoyuluşunda payı 27-28% olduğu halda 2019-cu ilin ilk 4 ayında bu göstəricinin payı 12%-ə düşüb. Buna səbəb bankların xarici öhdəliklərinin 63% azalmasıdır. Azalma digər mənbə olan mərkəzləşdirilmiş kreditlərdə də müşahidə edilib. Mərkəzi Bankın yenidən maliyyələşmə xətti ilə banklara ayırdığı kreditin payı 2013-2019-cu illərdə 20%-dən 4,5%-ə düşüb. Bu müddətdə maliyyələşmənin həcmi 81% azalıb. Nəticədə depozitlər kreditlərin əsas donoruna çevrilib.
Deməli, depozitlərin illik faiz dərəcəsi kreditlərin illik faiz dərəcəsinə birbaşa təsir göstərir. Mərkəzi Bankın açıqlamasına görə, 2019-cu il mayın 1-nə əmanətlər də daxil olmaqla ümumi depozitlərin milli valyuta üzrə orta illik faiz dərəcəsi 9,5% olub. Ayrı-ayrılıqda götürdükdə hüquqi şəxslərin depozitləri üzrə faiz dərəcəsi 4,7%, əhali əmanətləri üzrə isə 10,05% təşkil edib. Bir sıra banklarda manat əmanətlərinin illik faiz dərəcəsi hətta 15%-ə çatır. Bankların cəlb etdikləri vəsaitlərin üzərinə əməliyyat xərclərini də əlavə etsək, kreditin maya dəyərinin ikirəqəmli həddə qalxdığını görərik”.
Novator.az-ın məlumatına görə, ekspert əlavə edir ki, banklar 2015-ci il devalvasiyasından sonra xərclərin optimallaşdırılması çərçivəsində işçilərin ixtisarı, filialların birləşdirilməsi, maaşların azaldılması siyasətini yeritsələr də, son aylar başqa tendensiya hiss olunur: “2016-2019-cu illərdə orta hesabla hər banka düşən işçilərin sayı 14% artaraq 530-dan 606-ya yüksəlib. Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətə başlaması ilə bağlı banklara xidmət haqqının tətbiqi də əməliyyat xərclərini artıran amillərdir. Məsələn, 2018-ci ildə bankların palataya təkcə illik dövri ödənişlərinin həcmi 12,6 milyon manat olub. Palataya digər ödənişləri də nəzərə alsaq, bu rəqəm daha da artar. Əlbəttə, həm işçilərin saxlanması xərcləri, həm palataya ödənişlər, həm də digər xərclər əməliyyat xərclərini artırır və bütün bunlar kredit faizlərinin üzərinə gəlir. Banklar öz əlavələrini də kredit faizlərinin üzərinə gəlir. Yüksək faiz dərəcəsi ilə cəlb edilmiş vəsaitlərin üzərinə bankların əməliyyat xərclərini və əlavələrini gəlsək, kreditlərin faiz dərəcəsinin ən azı 18-20% civarında olduğunu görmək olar”.
Samir Əliyev yazır ki, ölkə iqtisadiyyatında risklərin yüksək olması da kredit faizlərini artıran amildir: “Bu gün ölkə iqtisadiyyatında risklərin, o cümlədən institusional (mülkiyyət hüququnun qorunmaması, məhkəmə sisteminin səmərəli olmaması, girov mexanizminin yaxşı işləməməsi və s.) risklərin yüksək olması verilən kreditlərin geri qayıtma ehtimalını aşağı salır və bu da həm bankları vəsaitlərini sığortalamaq məqsədilə kredit faizlərini artırmağa vadar edir, həm də onların iqtisadiyyatı kreditləşdirmə marağını azaldır. Devalvasiyadan əvvəl banklar əllərindəki vəsaitlərin 73,5%-ni (2013-cü il) kreditləşməyə yönəldirdilərsə, 2019-cu ilin ilk dörd ayında bu göstərici azalaraq 43,3%-ə düşüb. Mümkün zərərlərin ödənilməsi üçün 1,4 milyard manatlıq məqsədli ehtiyatı da nəzərə alsaq məlum olar ki, bank vəsaitlərinin hər 100 manatının cəmisi 38 manatı iqtisadiyyata kredit şəklində yönəldilir. Banklar riskli kreditləşmədənsə az riskli qiymətli kağızlara yatırıma üstünlük verirlər.
İqtisadiyyatda riskin olması səbəbindəndir ki, banklar daha çox istehlak təyinatlı kreditlərə üstünlük verirlər. Mərkəzi Bankın məlumatına görə, ölkə üzrə ümumi kredit qoyuluşunun 42%-dən çoxu məhz bu istiqamətə yönəldilir. Biznes kreditlərindən isə yeganə olaraq ticarət və xidmət (17-18%) və nəqliyyat və rabitə sektorları (10%) banklar üçün cəlbediciliyini saxlayır. Digər sektorların payı ayrı-ayrılıqda 6%-dən çox deyil”.