İyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi Müsavat Partiyasının fəalı Azad Həsənovun işi üzrə prosesi davam etdirib.
Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxsin və ya mütəşəkkil dəstənin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlaması, istehsal etməsi, saxlaması, daşıması, göndərməsi və ya satması) maddəsi ilə ittiham olunur. Bu maddə əmlakın müsadirəsi ilə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.
2003-cü ildən Müsavat Partiyasının üzvü olan Azad Həsənov 2014-cü ilin fevralında Azərbaycandan mühacirət edib və ailəsi ilə birgə Litvadan siyasi sığınacaq alıb. 2018-ci ilin oktyabrında o, ağır xəstə olan atasına baş çəkmək üçün Azərbaycana gələrkən Bakıda tutulub, oktyabrın 12-də Xətai Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
Bastainfo.com-un məlumatına görə, 22 iyul prosesində vəkil Osman Kazımovun vəsatəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinə göndərilmiş sorğuya yenə də cavab verilmədiyi məlum olub.
Sorğuda 2018-ci il oktyabrın 11-də, Azad Həsənovun həbs edildiyi gün Bakı Şəhər Baş Polis İdarəsinə gəlib-gedənlərin qeydiyyatı aparılan jurnalın surətinin məhkəməyə təqdim olunması xahiş edilir. Lakin paytaxt polisi məhkəmənin sorğusuna cavab vermir, bu səbəbdən proses dəfələrlə təxirə salınıb.
Bu dəfə proses iyulun 29-na keçirilib.
Azad Həsənov məhkəmənin süni surətdə uzadıldığını bəyan edərək bu gündən aclıq aksiyasına başladığını deyib.