Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin mitinq müraciətinə cavab verib.
Novator.az bildirir ki, Qarabağ Komitəsi iyulun 23-ü Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yanı) “Qarabağa azadlıq!”, “İşğala – son” şüarları ilə mitinq keçirmək istəyirdi.
Komitə 2018-ci il sentyabrın 29-da İdman-Sağlamlıq Kompleksinin stadionunda “Qarabağa azadlıq!” devizi ilə sanksiyalaşdırılmış mitinq keçirib. Amma Bakı Şəhər İcra Hakimiyyəti komitənin eyni məkanda noyabrın 24-nə, dekabrın 15-nə, 2019-cu il fevralın 16-na, martın 16-na, mayın 4-nə təyin etdiyi mitinqlərə razılıq verməyib. İmtina məktublarında qeyd olunub ki, hakimiyyət Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş apardığı üçün mitinqin keçirilməsi məqsədəuyğun hesab edilmir.
Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin 23 iyul mitinqi ilə bağlı müraciətinə də oxşar cavab verərək mitinqin keçirilməsini məqsədəuyğun saymadığını diqqətə çatdırıb.
Bir qrup ictimai-siyasi xadimin 2018-ci ildə yaratdığı Qarabağ Komitəsinin İdarə Heyətində İlham İsmayıl, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Tural Abbaslı, Əvəz Zeynallı, Sahib Kərimli, Taleh Əliyev, Felmar Ələkbərov və Əlövsət Sadıqov təmsil olunurlar.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.