Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, politoloq Eldar Namazov Azərbaycan və Gürcüstanın siyasi rəhbərlərinə müraciət edib.
Müraciət Azərbaycan-Gürcüstan sərhədinin mübahisəli sayılan hissəsində yerləşən “Keşikçidağ” məbədi ilə bağlıdır. Məbədin bir hissəsi Gürcüstanın Saqareco rayonunun, digər hissəsi Azərbaycanın Ağstafa rayonunun ərazisinə düşür. Azərbaycan mənbələrinə görə, “Keşikçidağ” qədim alban məbədidir. Gürcü mənbələri isə David Qareci adlandırdıqları məbədin Gürcü Pravoslav Kilsəsinə aid olduğunu iddia edir.
2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə məbəd ərazisində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.
2019-cu il iyulun 14-də bir qrup Gürcüstan vətəndaşı “Keşikçidağ” sərhəd məntəqəsində Azərbaycanın sərhəd növbətçi dəstəsinə hücum çəkib. Dövlət Sərhəd Xidmətinin tədbirləri nəticəsində insident aradan qaldırılıb və ərazidə təhlükəsizlik təmin edilib.
Eldar Namazovun Azərbaycan və Gürcüstanın siyasi liderlərinə müraciəti Contact.az saytında dərc olunub.
Müraciətində Eldar Namazov bildirir ki, dünya təcrübəsində iqtisadi, təbii, tarixi-mədəni xarakterli sərhədlərarası obyektlərlə bağlı adətən birgə istifadə, mühafizə, bərpa və s. qaydaları barədə xüsusi dövlətlərarası müqavilələr bağlanır. Buna görə, Eldar Namazovun fikrincə, sərhədin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın işinə paralel olaraq (mayın 23-24-ü Bakıda, dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə iclasda dövlət sərhəd xəttinin razılaşdırılmamış sahələrinə yerində baxış və müvafiq ölçmə işlərinin aparılması barədə razılıq əldə olunub; Azərbaycan tərəfi bu işlərin avqust ayının ikinci yarısında həyata keçirilməsini təklif edib) başqa iş də aparılmalıdır – məbəd kompleksi ətrafında bütün fikir ayrılıqlarını aradan qaldıran dövlətlərarası sazişin imzalanması üçün danışıqlar prosesi başlanmalıdır.
Müraciətin müəllifi hesab edir ki, iki ölkə arasında belə bir saziş bu prinsiplərə əsaslana bilər:
– monastır kompleksi hər iki dövlətin ərazisində yerləşən vahid tarixi-mədəni abidədir;
– iki dövlətin birgə qərarı ilə sərhədin hər iki tərəfində bu monastır kompleksinə aid olan bütün obyektləri əhatə edən tarixi-mədəni qoruq yaradılır;
– dindarların, alimlərin, turistlərin bu abidəni sərbəst şəkildə ziyarət etməsi və ondan istifadə etməsi təmin edilir;
– kompleksin mühafizəsi, fəaliyyəti və dəstəklənməsi üçün birgə qəyyumluq şurası və birgə qoruq administrasiyası mexanizmi yaradılır.
Eldar Namazovun fikrincə, problemin həlli sərhədi dəyişdirməkdə deyil, məbədin yerləşdiyi ərazidəki ayırıcı xətləri yığışdırmaqda, onu vahid, insanlar üçün əlçatan kompleksə və Azərbaycan və Gürcüstan xalqlarının dostluq rəmzinə çevirməkdədir: “Yeri gəlmişkən, bu, oxşar qərarlar tələb edən yeganə sərhədlərarası obyekt deyil. Azərbaycan-Gürcüstan sərhədi Candargöl/Candari gölündən də keçir. Məşhur Qarayazı tuqay meşələrini də sərhədimiz bölür. Bu nadir su resurslarının, nadir flora və fauna növlərinin qorunması və mühafizəsi, birgə səylə onları gələcək nəsillər üçün qoruyub saxlamaq üçün də dövlətlərarası müqavilələrə ehtiyac var.
Azərbaycan və Gürcüstanın siyasi rəhbərliyini “David Qareci/Keşikçidağ tarixi-mədəni kompleksinin yaradılması haqqında” dövlətlərarası sazişin işlənib hazırlanması üzrə birgə işçi qrupun yaradılmasına çağırıram.
Hər iki dövlətlərarası sazişin – “Sərhədlərin delimitasiyası haqqında” və “David Qareci/Keşikçidağ tarixi-mədəni kompleksinin yaradılması haqqında” sazişlərin eyni zamanda imzalanması, zənnimcə, yaranmış vəziyyətdən ən məntiqli çıxış yoludur”.
1956-cı il təvəllüdlü Eldar Namazov 1993-1999-cu illərdə Azərbaycan prezidentinin (Heydər Əliyevin) xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə köməkçisi olub, bir müddət Prezident Katibliyinə rəhbərlik edib.
Gürcüstan-Azərbaycan sərhədində təxribat gərginlik yaratdı