Maliyyə Nazirliyi 2019-cu ilin ilk yarısında dövlət büdcəsinin necə icra olunduğunu açıqlayıb. Rəsmi məlumata görə, yanvar-iyun aylarında dövlət büdcəsinin mədaxili 10 milyard 405,5 milyon manat, xərcləri 10 milyard 951 milyon manat olub.
Büdcə gəlirlərinin ötən ilin ilk yarısı ilə müqayisədə 6 faiz artdığı vurğulanır.
Vergilər Nazirliyindən dövlət büdcəsinə 3 milyard 632,8 milyon manat vəsait daxil olub, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz çoxdur. Həmin vəsaitin 70,1 faizi qeyri-neft sektorundan daxilolmaların payına düşür.
Yarım ildə Dövlət Gömrük Komitəsi büdcəyə 2 milyard 65,2 milyon manat vəsait təmin edib. Bu, ötən ilin eyni dövrünə nəzərən 27,6 faiz yüksəlişdir.
Büdcədən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 234,4 milyon manat, başqa daxilolmalar 60,1 milyon manat göstərilir.
Dövlət Neft Fondundan büdcəyə 4 milyard 413 milyon manat köçürülüb.
Altı ayda dövlət büdcəsinin xərcləri 2018-ci ilin eyni dövrü ilə müqayisədə 15 çox olub. Xərclərin 36,1 faizi sosial xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib.
Novator.az bildirir ki, iyul ayında parlament 2019-cu ilin dövlət büdcəsinə dəyişikliklərə səs verib. Müdafiə xərcləri 3 milyard 37,6 milyon manatdan 3 milyard 187,6 milyon manata artırılıb, sosial müdafiə və sosial təminat xərcləri 2 milyard 620,4 milyon manatdan 2 milyard 470,4 milyon manata enib.
2019-cu ilin icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 27 milyard 155,8 milyon manatdan 27 milyard 370,8 milyon manata yüksəlib.
Büdcə zərfinə daxil olan digər sənədlər də yenilənib. Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə gəlirləri və xərcləri 4 milyard 128,1 milyon manata, işsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri 98 milyon 451,4 min manata qaldırılıb.