Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a açıqlamasında “Keşikçi qala” sərhəd məntəqəsində baş vermiş hadisəni şərh edib.
İyulun 14-də bir qrup Gürcüstan vətəndaşı “Keşikçi qala” sərhəd məntəqəsində Azərbaycanın sərhəd növbətçi dəstəsinə hücum çəkib. Dövlət Sərhəd Xidmətinin tədbirləri nəticəsində insident aradan qaldırılıb və ərazidə təhlükəsizlik təmin edilib.
Əli Həsənov AZƏRTAC-a deyib ki, son aylar Azərbaycan və Gürcüstan arasında münasibətlərin ruhuna zidd olan təxribatların artan xətt üzrə inkişafı müəyyən suallar doğurur: “Artıq hər iki tərəfin ekspertləri müzakirələrdə belə fikir səsləndirir ki, görünür, iki qonşu dövlət arasında formalaşmış dostluq, strateji tərəfdaşlıq münasibətləri kimlərisə ciddi narahat edir və bu ölkələri, onların xalqlarını qarşı-qarşıya qoymağa çalışan qüvvələr var. Müzakirələrdə bu qüvvələrin kimliyi barədə də müəyyən fikirlər səsləndirilir.
Şübhəsiz, Azərbaycan sərhədçilərinə qarşı törədilən son təxribat dövlətlər arasındakı münasibətlərə birbaşa zərbə vurmaq məqsədi daşıyır və ona görə də hər iki ölkənin müvafiq qurumları ciddi araşdırmalar aparmalı, bu təxribatı törədən qüvvələri müəyyən edərək onlara qarşı təsirli tədbirlər görməli idilər. Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub, ondan məsələ ilə bağlı müvafiq izahat istənilib. Gürcüstan Xarici İşlər Nazirliyi də hadisəni pisləyən açıqlama ilə çıxış edib və bu istiqamətdə ciddi araşdırmalar apararaq günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib.
Biz əminik ki, Azərbaycan və gürcü xalqları bundan sonra da belə məqamlarda təmkinlə, müdrikcəsinə davranaraq emosiyalara meydan verməyəcək, müvafiq rəsmi instansiyalar isə prinsipial şəkildə bu hadisələrin törədilməsində, iki dost ölkə arasında münasibətlərin gərginləşdirilməsində maraqlı olan qüvvələri, şəxsləri aşkarlayaraq cəzalandırılmasını təmin edəcəklər. Qaranlıq dairələrin dövlətlərarası münasibətlər müstəvisində söz sahibinə çevrilməsinə imkan vermək olmaz və belə cəhdlərə birdəfəlik son qoyulmalıdır.
Hadisələrdə böyük güclərin geosiyasi maraqları və onların daxili siyasi qüvvələrlə manipulyasiya cəhdləri özünü aydın büruzə verir. Həmçinin istər Gürcüstanda, istərsə də Azərbaycanda əsasən xarici təsir altında olan bəzi maraqlı siyasi qruplar insidentdən yararlanmağa və hakimiyyət uğrunda mübarizədə belə həssas məqamlardan istifadə etməyə çalışırlar. Görünən odur ki, bəhs olunan qruplar mövcud vəziyyətdən bəhrələnmək istəyən üçüncü tərəflərin tarixi-dini stereotiplərlə manipulyasiyası üçün açıqdırlar və bəzən də bilərəkdən xarici təsir üçün könüllü alət rolunu oynayırlar.
Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyənlərin diplomatik münasibətləri pozmaq, silaha sarılmaq kimi təxribatçı bəyanatları artıq xeyli vaxtdır eşidilməkdədir. Məqsəd Cənubi Qafqazda yeni münaqişə ocağı alovlandırmaq yolu ilə öz ambisiyalarını Azərbaycana və Gürcüstana qəbul etdirməkdən ibarətdir. Bunun üçün onlar bir tərəfdən Gürcüstanda daxili siyasi çəkişmələri qızışdırmağa, o biri tərəfdən Azərbaycanda daxili radikal qrupların bu ölkədəki proseslərlə bağlı təxribatçı çağırışlarını təşkil etməklə iki dost ölkə arasında mili-vətəndaş ehtiraslarını qızışdırmaq və bu fonda qarşıdurma yaratmağa can atırlar.
Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdırlar. İndi emosional çağırışlar, impulsiv davranış deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır.
Azərbaycan sərhədlərinin demarkasiya və delimitasiyası ilə bağlı müzakirələr yalnız Gürcüstanla aparılmır. Tarixə nəzər salsaq görərik ki, bu məsələdə insident yaşanan yeganə sərhəd xətti də son hadisənin baş verdiyi “Şəmkir” sərhəd dəstəsinin ərazisi olmayıb. Amma Azərbaycan ictimaiyyəti onu da çox gözəl bilir ki, mübahisələr, insidentlər zamanı bizim diplomatlarımız və sərhədçilərimiz bəzən ağır, yorucu görünən müzakirələrdə heç vaxt təmkinlərini itirməyiblər, milli maraqlarımızı əzmlə, peşəkarlıqla qoruyublar, Azərbaycanın haqlı mövqeyindən zərrə qədər də geri addım atmayıblar və bundan sonra da belə olacaq”.
Xarici işlər nazirinin müavini, prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov da “Keşikçidağ” mağaralar kompleksi ərazisində baş vermiş hadisədən danışıb. O, AZƏRTAC-a müsahibəsində deyib ki, iyulun 14-də bir qrup şəxs Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə təxribat, dövlət sərhədinin keşiyində duran sərhəd naryadına qarşı cinayət törədib: “Zənnimcə, bu insidentin Gürcüstan hökuməti ilə əlaqəsi yoxdur, lakin Gürcüstan sərhədçiləri öz hərəkətsizliyi ilə bu təxribatçıların və cinayət ünsürlərinin Azərbaycan ərazisinə buraxılmasına görə məsuliyyət daşıyırlar. Sözsüz, bu kimi təxribatlar və insidentlər iki ölkə arasında təşəkkül tapmış dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurur. Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və qanunların tələbinə uyğun cəzalanmalıdırlar”.
“Keşikçidağ” mağaralar kompleksi ilə bağlı müxtəlif fikirlərə toxunan nazir müavini qeyd edib ki, hər hansı dini-mədəni və sair qeyri-hüquqi fakt dövlət sərhədinin delimitasiyası üçün əsas təşkil edə bilməz. “Keşikçidağ” mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub. Bu, 1963-cü ildə Gürcüstan SSR Ali Sovetinin təsdiqlədiyi topoqrafik növbətçi xəritələrdə də öz əksini tapıb və SSRİ-nin süqutuna qədər tərəflər arasında inzibati sərhəd kimi qəbul edilib. Buna görə də hüquqi baxımdan qeyd edilən sahə ilə bağlı hər hansı mübahisədən və ya iddiadan söhbət gedə bilməz. Eyni zamanda bu sahə də razılaşdırılmayan digər sahələr kimi delimitasiya çərçivəsində razılaşdırılmalı, iki dövlət arasında imzalanacaq dövlət sərhədinə dair müqavilədə təsbit olunmalıdır.
Bu il mayın 23-24-ü Bakıda, dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə iclasda dövlət sərhəd xəttinin razılaşdırılmamış sahələrinə yerində baxış və müvafiq ölçmə işlərinin aparılması barədə razılıq əldə olunub və biz bu işlərin cari ilin avqust ayının ikinci yarısında həyata keçirilməsini təklif etmişik”.
Azərbaycan-Gürcüstan sərhədinin mübahisəli sayılan hissəsində yerləşən “Keşikçidağ” məbədinin bir hissəsi Gürcüstanın Saqareco rayonunun, digər hissəsi Azərbaycanın Ağstafa rayonunun ərazisinə düşür. Azərbaycan mənbələrinə görə, “Keşikçidağ” qədim alban məbədidir. Gürcü mənbələri isə David Qareci adlandırdıqları məbədin Gürcü Pravoslav Kilsəsinə aid olduğunu iddia edir.