İyulun 17-si Bakıda, İran səfirliyi qarşısında Müsavatçı Gənclər Təşkilatının təşəbbüsü ilə sanksiyalaşdırılmamış piketə cəhd göstərilib.
Novator.az-ın məlumatına görə, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirib ki, gənclər təşkilatının sədri Elman Quliyev aksiya başlanmamış, Razim Əmiraslanlı, Tofiq Yaqublu, Ayxan Hacıbəyli, Arzulla Buludlu, Əziz Məmiyev, Rəhim Yaqublu, Qədir Nağıyev və daha bir neçə nəfər aksiyaya cəhd zamanı tutulub. Onların Səbail Rayon Polis İdarəsinə aparıldığı bildirilir.
Aksiyada məqsəd İranla Ermənistanın birgə silah istehsalına etiraz etmək olub.
Bir neçə gün qabaq Müsavatçı Gənclər Təşkilatı belə bir piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin aksiyaya razılıq verilməmişdi.
Müsavat Partiyası bunu sərbəst toplaşma hüququnun pozulması kimi qiymətləndirmiş və Azərbaycan hakimiyyətindən İranla Ermənistanın birgə silah istehsalına münasibət bildirməyi tələb etmişdi.
“Turan” agentliyinin xəbərinə görə, iyunun 25-30-da Rusiya paytaxtı Moskvanın yaxınlığındakı Kubinka qəsəbəsində keçirilən “Ordu” beynəlxalq hərbi-texniki forumunda Ermənistan İranla birgə istehsal etdiyi Naim-802 radiolokasiya stansiyasını (RLS) nümayiş etdirib.
Xəbərə görə, RLS-dən uçan hədəflərin aşkarlanması, hədəfi məhv etmək məqsədilə koordinatların verilməsi üçün istifadə olunur. Naim-802-nin Yerevan Rabitə Vasitələri Elmi-Tədqiqat İnstitutunda hazırlandığı bildirilir.
İyulun 17-si Mustafa Hacıbəyli aksiya qətnaməsinin mətnini də yayıb. Qətnamədə deyilir ki, İranın Ermənistanla birgə hazırladığı silah Azərbaycan əleyhinə yönəlib: “Ermənistanla hərbi əməkdaşlığı getdikcə genişləndirməkdə olan rəsmi Tehran bu davranışı ilə özünü islam dünyasına qarşı üz-üzə qoyur. İran və Ermənistanın Azərbaycana qarşı birgə istehsal etdikləri silahların Rusiyada nümayiş etdirilməsi hər üç ölkənin dövlətimizə qarşı maraqlarının üst-üstə düşdüyünü təsdiqləyir.
Ermənistanla əməkdaşlığı genişləndirən İran hökuməti paralel olaraq Güney Azərbaycanda soydaşlarımıza qarşı repressiya siyasətini gücləndirir. Milli azadlıq hərəkatının liderlərindən biri Abbas Lisaninin ardınca son günlər daha bir neçə soydaşımız öz milli haqları uğrunda mübarizə apardıqları üçün qondarma ittihamlarla həbs ediliblər”.
Qətnamədə İran hökumətindən Ermənistanla hərbi əməkdaşlığı dayandırmaq, birgə silah istehsalına dair müqaviləni ləğv etmək tələb olunur: “Eyni zamanda Abbas Lisani və digər fəalların azadlığa buraxılmasını, etnik diskriminasiyaya son qoyulmasını tələb edirik. Biz həmçinin Azərbaycan hakimiyyətindən tələb edirik ki, İranın Ermənistanla hərbi əməkdaşlığına siyasi qiymət versin, rəsmi Tehranın Azərbaycan dövlətinə və xalqına qarşı siyasətinə adekvat tədbirlər görsün”.