Şəki faciəsində ağır xəsarət alanlardan biri vəfat edib. Səhiyyə Nazirliyinin 15 iyul məlumatına görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında yatan Xatirə Ağamalıyevanın həyatını xilas etmək mümkün olmayıb.
İyulun 14-ü saat 12 radələrində Şəki Xan Sarayı abidəsinin ərazisində ağacın budaqlarının qırılaraq insanların üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. 13 nəfər Şəki Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Baldır sümüyü sınan Xatirə Ağamalıyevanın həmçinin travmatik şok keçirdiyi açıqlanmışdı.
Şəki Mərkəzi Rayon Xəstəxanasında qalan Elxan Məmmədov onurğadan travma aldığı vurğulanır.
Bakıya gətirilən İlkin Məmmədova ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq, Sara Həsənə çanaqda sağ bud sümüyünün qapalı travması, Farik Həsənə sol incik sümüyünün sınığı, Əl-Həsən Samirəyə sağ baldır sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Baş Prokurorluğun açıqlamasına görə, ilkin araşdırmalarla müəyyən edilib ki, hündürlüyü 34 metr olan Xan çinarının 21 metr hündürlükdə yerləşən 0,5 metr diametrli budağı qəflətən qoparaq aşağıda – 17 metr hündürlükdə olan nisbətən kiçik diametrli budağı da qırıb, hər iki budaq insanların üzərinə düşüb: “Mütəxəssislərin ilkin rəyinə əsasən, budaqların qırılması əlverişsiz hava şəraitinin nəticəsidir. İyulun 12-dən saniyədə 8-12 metr olan küləklə müşayiət olunan, iyulun 14-ü səhərdən başlayaraq 3 saat ərzində aylıq normanın 54 faizi miqdarında aramsız yağış yağıb.
Qırılmış əsas budaq sağlam olub, qurumağa və hansısa fiziki təsirlərə məruz qalmayıb. Həmin budaqlarda virus və ya bakterioloji proseslərin gedib-getməməsinin müəyyən edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri cəlb olunmaqla ekspertizalar təyin edilib. Ekspertizaların keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunub”.