Dövlət Sərhəd Xidməti rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, iyulun 14-ü saat 14:50 radələrində Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları Azərbaycan sərhəd naryadına qarşı insident törədib: “Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.
Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib”.
Xarici İşlər Nazirliyi isə bildirir ki, Gürcüstanın Azərbaycandakı səfiri bir qrup şəxsin dövlət sərhədini pozaraq Azərbaycan ərazisindəki “Keşikçidağ” mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb və ondan müvafiq izahat istənib: “Təəssüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk. Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsini tələb edib”.
“Keşikçidağ” məbədi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) Azərbaycanın Gürcüstanla sərhədində, mübahisəli ərazi sayılan zonada yerləşir. Məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonunun, digər hissəsi Azərbaycanın Ağstafa rayonunun ərazisində yerləşir.
Azərbaycan mənbələrinə görə, məbəd qədim alban məbədidir. Əksər gürcü mənbələri isə məbədin Gürcü Pravoslav Kilsəsinə aid olduğunu iddia edir.
2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə məbəd ərazisində “Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.