Nazirlər Kabineti I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə prezident təqaüdünün ödənməsi qaydasını təsdiqləyib.
2019-cu il aprelin 1-dən qüvvədə olan bu təqaüdün aylıq məbləği 50 manatdır.
Novator.az bildirir ki, qaydaya görə, təqaüd əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə verilir.
2019-cu il aprelin 1-dək əmək pensiyası təyin edilmiş şəxslər təqaüdü onların əmək pensiyasının üzərinə hesablanmış qulluq üçün sığorta hissəsinə əlavənin əvəzində alır.
2019-cu il aprelin 1-dək əmək pensiyası almaq hüququ yaranan, lakin pensiya təyin edilməsi üçün 2019-cu il aprelin 1-dən sonra müraciət edən şəxslərə həmin il aprelin 1-dək əmək pensiyalarının sığorta hissəsinin üzərinə qulluq üçün əlavə ödənir, aprelin 1-dən sonra isə qulluq üçün sığorta hissəsinə əlavə əvəzinə onlara qulluq edən şəxsə təqaüd verilir.
I dərəcə əlilliyi olan şəxsin ailə üzvü dedikdə onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların ailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur.
Təqaüd təyin olunması üçün I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sosial ödənişlər altsistemi”ndə tələb olunan məlumatları daxil edərək elektron qaydada və ya Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq şəhər, rayon şöbəsinə kağız üzərində müraciət edir. Müraciətə daxil olduğu gündən 5 iş günü müddətində baxılaraq müvafiq qərar çıxarılır.
I dərəcə əlilliyi olan şəxsin ailə üzvləri şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) ərizəsini və onların qohumluq əlaqəsini təsdiqləyən sənədlərin surətlərini təqdim etməlidir.
I dərəcə əlilliyi olan şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərdən Mülki Məcəlləyə uyğun olaraq patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti və şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) ərizəsi; məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış I dərəcə əlilliyi olan şəxsə qulluq edən şəxsdən onun fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardan onların qohumluq əlaqəsini təsdiq edən sənədlər istənir.
Təqaüd təyin edilməsi barədə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün onlarla qohumluq əlaqəsi olmayan qəyyumlar (himayəçilər) müraciət etdikdə müraciətə qəyyumluq (himayəçilik) təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti əlavə edilir.
I dərəcə əlilliyi olan şəxs (fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) qəyyumun (himayəçinin) ona baxan şəxs olduğunu təsdiq etmədiyi halda təqaüd təyin olunmasından imtina olunur.
Təqaüd qulluq olunanın I dərəcə əlilliyi müddətinə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir.
Ailədə iki və daha artıq I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduqda onlara qulluq edən şəxsə təqaüd I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardan hər birinə görə ödənir.
Bir nəfər I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluğa görə yalnız bir şəxsə təqaüd verilir.
Mülki Məcəlləyə uyğun olaraq qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan və müvafiq tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və ya digər oxşar müəssisələrdə olan və ya bu müəssisələrə yerləşdirilmiş fiziki şəxslərin qəyyumları və himayəçiləri həmin müəssisələrdir. Qeyd edilən müəssisələrdə yerləşdirilən və tam dövlət təminatında olan I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edilməsinə görə təqaüd ödənmir.
Ödəniş bu hallarda dayandırılır:
– I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq, habelə şəxs vəfat etdikdə və ya yaşayış yerini dəyişdikdə;
– şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
– I dərəcə əlilliyi olan şəxsin əlillik dərəcəsi dəyişdirildikdə və ya ləğv edildikdə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudluğu müddəti bitdikdə və ya ləğv edildikdə;
– sağlamlıq imkanları məhdud uşaq 18 yaşına çatdıqda;
– I dərəcə əlilliyi olan şəxs(fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla)və ya sağlamlıq imkanları məhdud 14-18 yaşınadək uşaq (14 yaşadək uşaqlara münasibətdə qəyyumluq və himayə orqanı) təqaüd alan şəxsin onlara qulluq etmədiyi barədə müraciət etdikdə.