“Azərbaycanda ifadə azadlığı əvvəlkitək təhlükə altındadır”. Avropa Şurasının
insan haqları komissarı Dunya Miyatoviç iyulun 12-si Azərbaycana dörd
günlük səfərinin yekununda belə deyib.
“Amerikanın səsi” xəbər verir ki, Dunya Miyatoviç Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını xatırladıb. Həmin qərarlarda özbaşına həbslər – hökuməti tənqid edənlərin, vətəndaş cəmiyyəti fəallarının, insan hüquqları müdafiəçilərinin tutulması barədə həyəcanlı mənzərə əks olunur.
Miyatoviç qeyd edib ki, öz baxışlarına görə həbsdə olan şəxslərin azad edilməsi prioritet olaraq qalmalıdır. O bir daha Azərbaycanda böhtan və təhqirə görə məsuliyyəti Cinayət Məcəlləsindən Mülki Məcəlləyə keçirməyə çağırıb.
Komissarın sözlərinə görə, o, Azərbaycan rəsmiləri ilə görüşlərində jurnalistlərin, vəkillərim, siyasi fəalların və hüquq müadfiəçilərinin xaricə səfərlərinə qoyulmuş qadağalarla bağlı da məsələ qaldırıb: “Hakimiyyət səfərlərə özbaşına qadağa tətbiqi ilə bağlı qeyri-proporsional praktikadan imtina etməlidir və ölkədən çıxış hüququna zidd olan qadağaları aradan qaldırmalıdır”.
Səfər zamanı Azərbaycanda vəkillik fəaliyyətinin vəziyyəti də müzakirə mövzusu olub. Dunya Miyatoviç qeyd edib ki, Avropa Şurasının digər ölkələri ilə müqayisədə Azərbaycanda 100 min nəfərə düşən hüquqşünasların sayı azdır və bu, əsasən kəndlərdə, vəkillərin sayının çox az olduğu yerlərdə ədalət mühakiməsinə çıxış imkanlarını azaldır.
Miyatoviçin sözlərinə görə, ona Azərbaycan prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanı barədə məlumat verilib. Fərmanda ədalət mühakiməsi sistemində qanunverici, institusional və praktiki islahatlar nəzərdə tutulur ki, bu da ədalət mühakiməsinə çıxış imkanlarının yaxşılaşmasına səbəb olmalıdır.
Dunya Miyatoviçin fikrincə, islahatlar çərçivəsində hökumət ölkədə, əsasən də regionlarda hüquqşünas çatışmazlığı probleminin həllinə də çalışmalıdır. Eyni zamanda Vəkillər Kollegiyasına qəbulun şəffaf və obyektiv meyarlarla aparılması təmin edilməlidir.
Avropa Şurasının insan haqları komissarı Azərbaycanda intizam icraatı qaldırılması yolu ilə vəkillərin ifadə azadlığının pozulduğunu söyləyib: “Vəkillər etik normalara riayət etməlidirlər və qisasa məruz qalmaqdan qorxmayaraq öz peşə fəaliyyətləri ilə məşğul olmalıdırlar”.
Dunya Miyatoviç məcburi köçkünlərin vəziyyətinə də toxunub. O bildirib ki, Azərbaycanda belə şəxslərin sayı çoxdur və bu, Dağlıq Qarabağda və ona bitişik yeddi rayonda həll edilməmiş münaqişənin nəticəsi ilə bağlıdır. Komissar köçkünlərin hüquqları ilə bağlı problemin həlli üçün hakimiyyətin atdığı mühüm addımları, onlara uzunmüddətli yaşayış yerinin verilməsini yüksək qiymətləndirib.
Miyatoviç Bakının Sabunçu rayonunda salınmış qəsəbədə, həmçinin Texniki Universitetin Yasamal rayonundakı yataqxanasında məcburi köçkünlərlə söhbət edib: “Adamların çoxu öz evlərinə qayıtmaq arzusunda olduğunu bildirdi. Bununla yanaşı onların yaşamaq üçün vəsait almaq imkanlarının təmin olunması vacibdir”.
Avropa Şurasının komissarı Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə nizamlanmasına nail olunmasının vacibliyini qeyd edib: “Oraya qayıtmaq istəyən köçkünlər bunu könüllü əsaslarla, təhlükəsiz şəraitdə həyata keçirməlidir”.
İyulun 9-dan 12-dək davam edən səfər zamanı Dunya Miyatoviç Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Elmar Məmmədyarov, ədliyyə naziri Fikrət Məmmədov, daxili işlər naziri Vilayət Eyvazov, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, baş prokuror Zakir Qaralov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, ombudsman Elmira Süleymanova, vətəndaş cəmiyyəti nümayəndələri, hüquqşünaslar, Vəkillər Kollegiyasının sədri və üzvləri, məhbus jurnalistlər Seymur Həzi və Əfqan Muxtarlı ilə görüşüb. O, səfərin təşkilinə və məhbuslara baş çəkməsinə şərait yaradıldığına görə hakimiyyətə təşəkkürünü bildirib.