İyulun 10-u “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi 6 saylı Cəzaçəkmə Müəssisəsində tədbir keçirib.
Tədbir “Əhali arasında viruslu hepatitlər mövzusunda ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində baş tutub. Layihəni Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirir.
Cəzaçəkmə Müəssisəsi rəisinin tərbiyə işləri üzrə müavini, ədliyyə polkovnik-leytenantı Çingiz Əhmədov tədbiri açandan sonra sözü “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri, layihə rəhbəri Ziba Nəbiyevaya verib.
Ziba Nəbiyeva qeyd edib ki, insanların uzun müddət sıx ünsiyyətdə olduğu məkanda bu və ya digər yoluxucu xəstəliklərə yoluxma ehtimalı çoxalır: “Bu baxımdan sağlam davranış qaydalarının formalaşmasına və təbliğinə daha çox ehtiyac duyulur. Bəzi təhlükəli xəstəliklər var ki, onlar haqqında kifayət qədər məlumatlı olmaq vacibdır. Məsələn, viruslu hepatitlər əsasən də Hepatit B və D, həmçinin Hepatit C təhlükəli yoluxucu xəstəliklər sayılır. Təhlükə mənbəyi əksər halda xəstəliyin xroniki formasının uzun illər simptomsuz formada və ya zəif simptomlarla keçməsidir. Bu da xəstəliyin nəzarət altında saxlanması imkanlarını məhdudlaşdırır.
Rəsmi statistikaya əsasən, dünyada 328 milyon insan xroniki Hepatit B və xroniki Hepatit C virusuna yoluxub. 2015-ci ildə viruslu hepatitlərdən 1,34 milyon insan dünyasını dəyişib və həmin ildə 1,75 milyon nəfərdə yeni Hepatit C virusuna yoluxma qeydə alınıb. Müalicə olunmadıqda inkişaf edən xroniki Hepatit B və Hepatit C xəstəlikləri qaraciyər sirrozu və xərçənginin yaranmasına səbəb ola bilir.
Önləyici profilaktik tədbirlərin keçirilməsi və müvafiq məlumatlandırmanın aparılması xəstəliklərin yayılmasının qarşısını almaqda mühüm rol oynayır. Bu baxımdan təşkilatımız viruslu hepatitlərlə mübarizədə Ümumdünya Səhiyyə Assambleyasının “Qlobal strategiya” proqramına və dövlətimizin sosial yönümlü siyasətinə dəstək olaraq vətəndaş cəmiyyəti təşəbbüslərinin gücləndirilməsi məqsədilə adıçəkilən layihəni icra edir”.
Layihə çərçivəsində “Viruslu hepatitlər haqqında” elektron təqdimat hazırlanıb. Layihə rəhbəri Ziba Nəbiyeva təqdimat vasitəsilə məhbus kişilərə hepatit nədir, viruslu hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər barədə geniş məlumat və tövsiyələr verib. Məlumatların yadda qalımlı olması üçün maarifləndirici materiallar müxtəlif şəkillər və animasiya çarxları vasitəsilə də təqdim olunub.
İnteraktiv şəkildə aparılan tədbirdə həkim, qastroenteroloq-hepatoloq Rəşad Həsənov və həkim funksionalist, vərəm üzrə layihə koordinatoru Samirə Muxtarova məhbusların suallarını cavablandırıblar. Mövzuyla bağlı çıxış edən həkimlər viruslu hepatitlərlə yanaşı gedən xəstəliklər və koinfeksiyalar, zərərli vərdişlərin xəstəliyin gedişatına və ümumilikdə orqanizmə təsiri haqqında məlumat veriblər.
Məhbuslar arasında maarifləndirmənin davamlığını təmin etmək və əhatə dairəsini genişləndirmək məqsədilə layihə çərçivəsində xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi və 650 ədəd çap materialı (flayerlər) Penitensiar Xidmətin nümayəndəsinə təqdim olunub.
Tədbirdə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin baş inspektoru, tibb xidməti mayoru Elnur Məmmədov, 6 saylı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru, ədliyyə mayoru Fuad İsmayılov, tibbi sanitar hissənin rəisi, tibb xidməti mayoru Əziz Salmanov, digər məsul işçilər və 200 nəfərdən çox məhbus iştirak edib.