Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrini konstitusiyanın 148-ci maddəsi, eləcə də “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk konvensiyası baxımından şərh edib.
Novator.az bildirir ki, Gəncə Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciətində cəza təyin edilərkən xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluqların nəzərə alınmasının mümkünlüyü baxımından Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk konvensiyasının müvafiq maddələri ilə əlaqəli şəkildə şərh olunmasını istəyib.
Müraciətdə göstərilib ki, Gəncənin Kəpəz Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il hökmü ilə N.Məhərrəmov Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Kəpəz Rayon Məhkəməsinin hökmündən N.Məhərrəmovun müdafiəçisi apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti veriblər. Apellyasiya şikayətində hökmün dəyişdirilməsi, məhkum barəsində Cinayət Məcəlləsinin 65.3-cü maddəsinin tətbiq edilməsi, apellyasiya protestində isə hökmün ləğv edilməsi, məhkuma məhkəməyə verildiyi ittiham həcmində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək cəza təyin edilməsi xahiş olunub.
Apellyasiya protestinin əsas dəlillərindən biri birinci instansiya məhkəməsinin cinayət qanunvericiliyinin tələblərinə uyğun olmayaraq N.Məhərrəmovun Rusiya Federasiyası ərazisində törətmiş olduğu cinayət əməlinə görə məhkum olunması faktının cinayətin residivinin yaranma əsası hesab edərək cəzanı ağırlaşdıran hal kimi nəzərə alması, məhkumun bu səbəbdən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin müəyyən edilməsi ilə bağlı olub.
Gəncə Apellyasiya Məhkəməsi cəza təyin edilərkən xarici dövlətin ərazisində qəsdən törədilmiş cinayət əməlinə görə məhkum olunmuş şəxsin məhkumluğunun nəzərə alınıb-alınmaması ilə bağlı məhkəmə təcrübəsində fikir ayrılığı yarandığından qanunvericiliyin yuxarıda qeyd edilən maddələrinin əlaqəli şəkildə şərh edilməsinin zəruri olduğu qənaətinə gəlib.
Konstitusiya Məhkəməsi Plenumunun qərarında bildirilir ki, Azərbaycan Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə, Cinayət Məcəlləsinin 1.2-ci maddəsinin və Cinayət-Prosessual Məcəlləsinin 521-ci maddəsinin müddəalarına uyğun olaraq yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələrində cəza təyin edilərkən nəzərə alınmasına yol verilir.
Milli Məclisə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinin tanınması və nəzərə alınması qaydasının Cinayət və Cinayət-Prosessual məcəllələrində təkmilləşdirilməsi tövsiyə edilib.