Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi açıqlama yayıb. Açıqlamada deyilir: “İyulun 11-də azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda saxlanmasının beş ili tamam olur. Əsgərov və Quliyev ölkəmizin işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən girov götürülüb, onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim uydurma iddialar əsasında mülki şəxslərimiz üzərində quruma “məhkəmə” təşkil edib, Əsgərov ömürlük, Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum olunub.
Bu iki azərbaycanlı mülki şəxsin Ermənistan girovluğunda keçən hər bir günü işgəncə altında keçən növbəti bir gündür. Əsgərov və Quliyevin girov götürülməsindən əvvəlki və sonrakı görüntüləri onların girovluqda saxlandıqları müddətdə qeyri-insani rəftara, fiziki və mənəvi işgəncələrə məruz qaldığını açıq şəkildə sübut edir.
Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü nəticəsində ölkəmizin Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal olunub. İşğal edilmiş ərazilərdə etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı, o cümlədən Əsgərov və Quliyevin də ailə üzvləri öz doğma yurd-yuvalarından, mülklərindən didərgin salınıb.
Beynəlxalq hüququn imperativ norma və prinsiplərinə görə, güc tətbiqi və ya güc təhdidi vasitəsilə ərazilərin əldə edilməsi heç bir halda qanuni hesab oluna bilməz. Bu prinsip Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində bir daha təsdiq olunur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir, həmçinin məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması hüquqi təsbit olunur.
Beynəlxalq hüququn norma və prinsiplərinə və BMT nizamnaməsinə zidd olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin başladığı vaxtdan bu günədək münaqişə nəticəsində 3888 Azərbaycan vətəndaşı itkin düşüb; onların 718-i mülki şəxslərdir, o cümlədən 266 qadın, 71 uşaq və 326 yaşlı şəxs itkin düşmüş mülki vətəndaşlarımız sırasındadır.
Ermənistan mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən Cenevrə konvensiyaları və onların əlavə protokollarının müddəalarına zidd olaraq beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozmaqda davam edir və Azərbaycan tərəfinin humanitar hüquq normalarına əməl olunmasına və hər iki tərəfdə saxlanmış mülki şəxslərin tez bir zamanda qarşılıqlı surətdə azad edilməsinə dair çağırışlarına məhəl qoymur.
Əsgərov və Quliyevin girovluqda saxlanması və digər bu xüsusda olan əməllər münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və gərginliyin daha da artmasına xidmət edir. Əgər Ermənistan tərəfi münaqişənin yalnız sülh yolu ilə həlli üçün müvafiq şəraitin yaradılmasına nail olmaq istəyirsə, o zaman qanunsuz şəkildə girovluqda saxladığı Azərbaycanın mülki şəxslərinin azad olunması istiqamətində addımlar atmalıdır”.