İyulun 16-sı Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 30 illiyidir.
Xalq Cəbhəsi 1989-cu ildən milli azadlıq hərəkatına başçılıq edib. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən az sonra – 1992-ci ildə qurumun sədri Əbülfəz Elçibəy ölkə prezidenti seçilib. Ancaq bu hakimiyyət bir il sürüb. 1993-cü ildə Əbülfəz Elçibəy hərbi-siyasi qiyamla devrilib.
Xalq Cəbhəsi 1995-ci ildə siyasi partiyaya çevrilib. Partiyanın sədri Əbülfəz Elçibəy olub. O, 2000-ci ildə vəfat edib.
2001-ci ildən Xalq Cəbhəsi Partiyasına Əli Kərimli sədrlik edir.
2019-cu il iyulun 10-da Əli Kərimli “Facebook” səhifəsində yaydığı açıqlamasında bildirib ki, Xalq Cəbhəsinin 30 illiyini geniş şəkildə qeyd etməyi planlaşdırıblar, amma buna şərait yaradılmayıb: “İstəyirdik ki, bu yubiley münasibətilə Bakıdakı zalların birində tədbir keçirək, 16 iyul günü isə partiya rəhbərliyinin, əqidədaşlarımızın, vətəndaş cəmiyyətinin, müxalif düşərgənin, Bakıdakı xarici ölkə diplomatlarının iştirakı ilə qəbul təşkil edək. AXC-nin təsis olunmasının 5, 10, 15 illik yubileyləri məhz belə qeyd edilmişdi.
Builki yubiley tədbirlərini keçirmək üçün bir ay öncədən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, uyğun restoranlarla danışıqlara başlamışdıq. Təəssüf ki, tədbirlərin keçirilməsinə imkan verilmədi. Hətta Bakıdakı səfirliklərin məsələyə müdaxiləsi də nəticə vermədi. Ona görə də potensial qonaqlarımız bizi üzrlü bilsin, AXC-nin 30 illik yubileyini cəbhəçilər kiçik qruplarla qeyd edəcəklər”.
Daha sonra Əli Kərimli vurğulayıb ki, əslində önəmli olan heç də hansısa dəbdəbəli zallarda təntənəli yubiley mərasimlərinin keçirilməsi deyil: “Önəmli olan odur ki, biz 30 illik yubileyə alnıaçıq, üzüağ gəlmişik, bizim sevincin xalqın böyük bir hissəsinin də sevinci olduğuna inanırıq. AXC bu 30 illik fəaliyyətində hər zaman xalqla birlikdə olub, xalqımızla səmimi olub. Azərbaycanın müstəqilliyi və Qarabağ uğrunda savaşın ön cəbhəsində olub. Ölkəmizdə demokratiya, insan haqları və ədalət uğrunda mübarizənin ön sıralarında mövqe tutub. Ən çox təzyiqlərə məruz qalsaq da, həqiqəti deməkdən, əzilənləri, haqqı tapdananları müdafiə etməkdən heç zaman vaz keçməmişik.
AXC, onun varisi olan AXCP sadəcə bir partiya deyil, vətənsevər, azadlıq və ədalət uğrunda mübarizəni həyatının əsas məqsədi sayan, nəticəsindən asılı olmayaraq haqq sözü cəsarətlə deyən, Azərbaycanın işıqlı gələcəyinə qovuşması naminə hər cür fədakarlıqlara hazır olan insanların böyük bir hərəkatıdır.
Ölkəmizdə müstəqillik, demokratiya və Qarabağ uğrunda böyük bir xalq hərəkatı olan AXC-nin yaranması təkcə bu hərəkatın iştirakçılarının deyil, bütövlükdə xalqımızın uğuru və bayramıdır”.