Novator.az daxili işlər nazirinin yeni birinci müavini Seyfulla Əzimovun bioqrafiyasını təqdim edir.
Seyfulla Səttar oğlu Əzimov 1970-ci ildə Şərurun Yuxarı Daşarx kəndində doğulub.
1994-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
1988-1990-cı illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib.
1996-cı ildən polis sistemindədir. Daxili İşlər Nazirliyinin ayrı-ayrı struktur qurumlarında cinayət axtarışı və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili olub.
Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinin rəis müavini, Xəzər Rayon Polis İdarəsinin 2-ci və Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölmələrinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışıb.
2019-cu il iyulun 5-dən daxili işlər nazirinin birinci müavinidir.
“Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.
2015-ci ildən polis general-mayorudur.
Ailəlidir. İki övladı var.
Daxili işlər nazirinin birinci müavini postu 2016-cı il martın 11-də yaradılıb. Nazirliyin əsasnaməsinə görə, nazir olmayanda onun səlahiyyətlərini birinci müavin həyata keçirir.
2016-cı il martın 15-dən daxili işlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub. O, 2019-cu il iyunun 20-də nazir təyin edilib.
Vilayət Eyvazov 1968-ci ildə Culfanın Əbrəqunus kəndində anadan olub.
Daxili işlər nazirinin digər müavinləri bu şəxslərdir: Oruc Zalov (1952-ci ildə Naxçıvan şəhərində anadan olub), İsmət Əliyev (1959-cu ildə Ermənistanda anadan olub), Şahin Məmmədov (1961-ci ildə Qazax rayonunda anadan olub, Daxili Qoşunların komandanıdır), Fazil Quliyev (1957-ci ildə Bakı şəhərində anadan olub, Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisidir).