Respublikaçı Alternativ Partiyasının xarici əlaqələr katibi, hüquqşünas Erkin Qədirli Azərbaycanın dövlət bayrağının asılmasını tənzimləyən qaydalarda dəyişiklik istəyir.
Azərbaycanın dövlət bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.
Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri var. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənib.
Novator.az bildirir ki, 2005-ci il martın 25-də Nazirlər Kabineti dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydalarını təsdiqləyib.
2013-cü il oktyabrın 29-da qaydalara yeni məzmunda 12-1-ci hissə əlavə edilib. Həmin hissəyə əsasən, dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə bayrağın mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.
2018-ci il iyunun 21-də həmin hissə yenilənib. Yeniliyə görə, bayrağın yaşıl zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.
“Facebook” səhifəsində bu məsələyə toxunan Erkin Qədirli yazır ki, 2018-ci il iyunun 21-dən tətbiq olunan yenilik bayraqların asılma qaydalarına uyğun deyil: “Yaşıl zolaq soldan birinci olanda onun yuxarıdan da birinci olması normaldır. Sadəcə, “normal”, “düzgün” özlüyündə doğru demək deyil: “Biz yuxarıdan aşağıya və soldan sağa oxuyan mədəniyyətlərə aidik. Odur ki, mavi zolaq yuxarıdan birincidirsə, soldan da birinci olmalıdır”.
Hüquqşünas bayrağın asılma qaydasında 2018-ci il iyunun 21-dək mövcud olmuş normaya qayıtmağı təklif edir.