İyulun 8-i vəkil Nemət Kərimli 16 saylı Cəzaçəkmə Müəssisəsində məhbus jurnalist Əfqan Muxtarlı ilə görüşüb.
Vəkilin Bastainfo.com-a verdiyi məlumata görə, Əfqan Muxtarlının səhhəti normaldır, saxlanma şəraitindən şikayəti yoxdur.
Lakin Nemət Kərimli Əfqan Muxtarlının yaxınları ilə görüşməsinə imkan verilmədiyini də söyləyib.
Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını 6 il müddətinə azadlıqdan məhrum edib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib.
2018-ci il mayın 11-dən Əfqan Muxtarlı 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
Gürcüstanda da Əfqan Muxtarlı ilə bağlı cinayət işinə başlanıb. İş qanunsuz azadlıqdan məhrumetmə motivi ilə araşdırılır.
2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva azyaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb.