İyulun 8-i Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Azad Həsənovun işi üzrə proses davam etdirilib.
“Azadlıq” radiosunun məlumatına görə, vəkil Osman Kazımov xatırladıb ki, məhkəmə dəfələrlə Bakı Şəhər Baş Polis İdarəsinə sorğu göndərsə də, cavab almayıb.
Sorğuda Azad Həsənovun həbs edildiyi gün Bakı Şəhər Baş Polis İdarəsinə gəlib-gedənlərin qeydiyyatı aparılan jurnalın surətinin məhkəməyə təqdim olunması xahiş edilir.
Osman Kazımov sorğuya cavab verilməməsini məhkəməyə sayğısızlıq kimi qiymətləndirib.
İyulun 8-də keçirilən prosesdə vəkilin məhkəməyə təqdim etdiyi səs yazılarına da qulaq asıblar. Həmin yazılardan aydınlaşır ki, Azad Həsənovun qardaşı ondan xəbər tuta bilmir, bu məqsədlə Daxili İşlər Nazirliyinin “102” xidməti ilə bir neçə dəfə əlaqə saxlayır. Səs yazısında onların arasında aparılan danışıqlar əksini tapıb.
Osman Kazımov qeyd edib ki, polislərin Azad Həsənov tutulanda tərtib etdiyi protokolda məsələ ilə bağlı müsavatçının ailəsinə məlumat verildiyi yazılıb. Vəkil məhkəmədə bildirib: “Ancaq bu səs yazılarından da aydın olur ki, Azadın ailə üzvləri dəfələrlə “102”yə zəng ediblər. Oradan isə məlumat verilməyib. Hətta məhkəmə Azad Həsənov barəsində həbs qətimkan tədbiri seçəndə də onun ailəsinə xəbər edilməyib. Xəbər verilsəydi, onlar “102”yə zəng edib Azadı axtarmazdılar”.
Hakim deyib ki, polis idarəsinə daha bir sorğu göndərəcəklər.
Proses iyulun 15-də davam etdiriləcək.
Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxsin və ya mütəşəkkil dəstənin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlaması, istehsal etməsi, saxlaması, daşıması, göndərməsi və ya satması) maddəsi ilə ittiham olunur. Bu maddə əmlakın müsadirəsi ilə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.
2003-cü ildən Müsavat Partiyasının üzvü olan Azad Həsənov 2014-cü ilin fevralında Azərbaycandan mühacirət edib və ailəsi ilə birgə Litvadan siyasi sığınacaq alıb. 2018-ci ilin oktyabrında o, ağır xəstə olan atasına baş çəkmək üçün Azərbaycana gələrkən Bakıda tutulub, oktyabrın 12-də Xətai Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.