Diplomat Eldar Həsənov Moderator.az-a müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə toxunub. O deyib ki, Azərbaycanın xarici siyasətinin əsas prioritetləri arasında ilk yerdə Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli məsələsi durur: “Azərbaycan diplomatiyası sivil üsullardan istifadə etməklə, beynəlxalq münasibətlər sisteminin qaydalarına riayət edərək fəaliyyət göstərir. Danışıqların ilk günlərindən Azərbaycanın mövqeyi dəyişməz qalır. Ölkəmiz münaqişənin həllində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz çıxarılması, bu ərazilərdə Azərbaycanın pozulmuş suveren hüquqlarının bərpası, məcburi köçkünlərin öz tarixi yurdlarına qaytarılması, Dağlıq Qarabağda sülhün bərqərar olmasını təmin edəcək bir statusun yaradılması, yəni Azərbaycan Respublikasının tərkibində muxtariyyət əldə etməklə Dağlıq Qarabağ regionunda erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgəyaşayışını təmin etməkdən başqa yol görmür.
Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi yalnız etnik təmizləmələrə məruz qalan azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasından sonra və yalnız Azərbaycanın tərkibində mümkündür. Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müzakirə obyekti etməyəcək və heç kimə öz torpaqlarının bir qarışını da verməyəcək. Münaqişənin həlli üçün hüquqi və siyasi əsaslar BMT nizamnaməsində, Helsinki Yekun Aktında, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində, eləcə də ATƏT, Avropa İttifaqı, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının müvafiq sənədləri və qərarlarında əks olunmuş beynəlxalq hüquq normaları və prinsiplərinə söykənir. Bütün bu sənədlər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını təsdiqləyir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir və münaqişənin ədalətli və davamlı həlli istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq işini davam etdirəcək.
Sülh prosesinin uğurla başa çatması erməni tərəfinin də bu prosesə bağlılığından və konstruktiv yanaşmasından, eləcə də beynəlxalq ictimaiyyətin ATƏT-ə üzv olan bütün ölkələrin, xüsusilə Minsk qrupuna sədrlik edən ölkələrin düzgün, obyektiv və ədalətli fəaliyyətindən asılıdır. Təəssüflə qeyd etmək istərdim ki, ATƏT-in Minsk qrupu ötən illər ərzində münaqişənin həlli istiqamətində heç bir irəliləyişə nail ola bilməyib.
Eyni zamanda Ermənistanın çoxsaylı təxribatlarına, tez-tez dəyişən və qeyri-konstruktiv yanaşmasına baxmayaraq Azərbaycan sülh kursundan hələ ki, geri çəkilməyib. Uzun illər boyunca xaricdə formalaşmış erməni diasporunun öz xalqının taleyinə guya yaxından kömək etməsi, əslində isə əksinə olması, onun sabit, təhlükəsiz yaşamasına, iqtisadiyyatına, demoqrafik inkişafına, Ermənistanın regionda həyata keçirilən irimiqyaslı enerji layihələrindən kənarda qalmasına, təcridinə yönəlmiş dağıdıcı fəaliyyəti erməni xalqına böyük zərbə vurur. Həmçinin qatı millətçi təfəkkürünə malik, tarixi ərazilərimizin işğalında birbaşa iştirak edən, əli qana bulaşmış canilər, münaqişənin kökləri, ağır nəticələri və bu illərdə aparılan sülh danışıqlarından məlumatsız olan indiki baş nazir sülh prosesinin mahiyyətini hələ də düzgün dəyərləndirə bilmir, bu danışıqların baş tutmasını müxtəlif bəhanələrlə, uydurmalarla bilərəkdən uzadır.
Artıq 1990-cı illər deyil. Bu gün Azərbaycan müasir hərbi texnika və avadanlıqlarla təchiz edilmiş, yüksək milli ruh, döyüş hazırlığı olan nizami orduya, güclü iqtisadiyyata, ciddi siyasi iradəyə malik xalqdır, dövlətdir! 2016-cı ilin aprel döyüşləri dediyimin bariz nümunəsi deyilmi?! Ermənistan rəhbərliyi açıq və aydın şəkildə dərk etməlidir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli, əbədi torpağıdır və Azərbaycan xalqı bu işğalla heç zaman barışmayacaq. Əgər sülh danışıqları bir nəticə verməzsə, o zaman Azərbaycan BMT nizamnaməsinin 25 və 51-ci maddələrinə uyğun olaraq, suveren hüquqları əsasında bütün hüquqi və faktiki vasitələrdən istifadə edərək öz tarixi torpaqlarını qısa bir müddət ərzində düşməndən azad edəcək.
Ermənistanın ələlxüsus son dövrlərdə sərgilədiyi qeyri-konstruktiv və dağıdıcı mövqeyi danışıqlar prosesinə ciddi zərbə vurur. Hazırkı peşəm sülhü və dialoqu təşviq etməyi tələb etsə də, danışıqlar səmərə vermədiyindən işğal olunmuş tarixi ərazilərimizdə Ermənistanın son azğınlaşmış, nümayişkaranə, saymazyana hərəkətləri və davranışları bizə torpaqlarımızın yalnız və yalnız hərbi yolla azad olunmasından başqa alternativ buraxmır”.
Eldar Həsənov 1955-ci ildə Kəlbəcər rayonunda doğulub. Bakıda Politexnik İnstitutunu, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Ali Hüquq Akademiyasını bitirib.
Uzun müddət Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb – müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəisi, Bakı Şəhər Nizami Rayon Milis Şöbəsinin rəisi, Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəhbəri, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə Azərbaycan Respublikası baş prokurorunun birinci müavini işləyib, 1995-2000-ci illərdə baş prokuror vəzifəsini tutub. Ədliyyə general-leytenantıdır.
2001-ci ildən 2013-cü ilə qədər Eldar Həsənov Rumıniyada, 2009-cu ildən iqamətgahı Buxarest şəhərində olmaqla həmçinin Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri olub. Hazırda iqamətgahı Belqrad şəhərində olmaqla Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfirdir.
Hüquq elmləri doktoru, professordur.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb. Bu quruma həmsədrlər ABŞ, Fransa, Rusiyadan əlavə Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.