Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəsmi dövlət qəzeti “Azərbaycan”ın 5 iyul sayında sosial islahatlar paketindən söz açıb. O yazır ki, dövlət başçısının 2019-cu ilin ilk aylarında təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı martın 1-dən 130 manatdan 180, pensiyanın minimum məbləği 116 manatdan 160 manata çatdırılıb: “Bu gün həmin artımlardan 830 min insan yararlanır. Həmçinin aprelin 1-dən 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırılıb.
Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib, sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə prezidentin aylıq təqaüdü təsis olunub. Habelə aylıq sosial müavinət alan I dərəcə əlilliyi olan şəxslər üçün prezidentin aylıq təqaüdü pensiya alan I dərəcə əlilliyi olan şəxslərə də şamil edilib. Sayı 80 minədək olan müharibə veteranlarına aylıq təqaüdlər təsis olunub.
Sosial müavinət və təqaüd artımları, təsis olunan yeni təqaüdlər 600 minədək vətəndaşın rifahını yaxşılaşdırıb.
Məcburi köçkünlərin aylıq müavinəti 50 faiz artırılıb, 800 min vətəndaşın problemli kreditləri həll olunub, tələbələrin təqaüdlərində əhəmiyyətli artımlar edilib.
Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərir.
Minimum əməkhaqqının məbləği cari il sentyabrın 1-dən 180 manatdan 250 manata çatdırılacaq. Artım 950 min nəfərin (muzdla çalışanların azı 63 faizini) maaşlarının artımına səbəb olacaq.
18 iyun 2019-cu ildə imzalanan digər sərəncamlarla dövlət sektorunda işləyən müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, hüquq mühafizə orqanları əməkdaşları, həm ümumi, həm də xüsusi növ üzrə dövlət qulluqçuları, hakimlər və digərlərindən ibarət 400 min nəfərin əmək haqları da sentyabrın 1-dən 20-100 faiz səviyyəsində artırılacaq.
İkinci sosial paket çərçivəsində əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması təmin ediləcək. Pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılıb. Həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi.
Minimum pensiyanın artımı 660 min vətəndaşın pensiyasının, dövlət sektorunda əməkhaqqı artımı isə xüsusi şərtlərlə pensiya təyinatı aparılanlardan (pensiya artımı əmək haqlarının artımı ilə bağlı olan pensiyaçılar) ibarət 94 min nəfərin pensiyasının artmasına imkan verir”.