Ukraynanın Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkisinə qatılan partiyalara pulsuz efir vaxtı ayırıb. Novator.az bildirir ki, qərara əsasən, partiyalar İctimai Televiziya və İctimai Radionun hər birindən 1 saat ödənişsiz təşviqat vaxtı alıb. Partiyaların həmin vaxtlardan hər biri 30 dəqiqə olmaqla iki dəfə yararlanmaq hüququ var.
Ölkədə parlament seçkisi payızda olmalı idi. Ancaq prezident Vladimir Zelenski Ali Radanı buraxaraq seçkini iyulun 21-nə təyin edib.
Xalq Xidmətçisi Partiyasının namizədi olan Vladimir Zelenski aprelin 21-də prezident seçilib, mayın 20-də səlahiyyətlərinin icrasına başlayıb.
Ukrayna Konstitusiyasına görə, hökuməti 450 yerlik parlamentdə azı 226 mandatı olan siyasi qüvvə qurur. Parlamentin 225 deputatı majoritar (dairələr üzrə), 225 deputatı proporsional (partiya siyahıları üzrə) sistemlə seçilir.
Növbədənkənar parlament seçkisində proporsional sistem üzrə 22 partiya yarışır: Müxalif Blok; Güc və Şərəf; Batkivşina; Vətənpərvər; İnsanların Gücü; Müxalif Platforma; Yaşıllar; Məşəl; Samopomoş; Avropa Həmrəyliyi; Ukrayna Strategiyası; Vətəndaş Mövqeyi; Sosial Ədalət; Xalq Xidmətçisi; Hüququn Gücü; Radikal; Şarinin Partiyası; Səs; Müstəqillik; Aqrar; Azadlıq; Yeni Qüvvələr Hərəkatı.